Pandemiya səbəbindən ötən il bir sıra ölkələr aqrar sektora subsidiya ayırmaqda çətinliklərlə üzləşdiyi halda, Azərbaycanda kənd təsərrüfatı subsidiyaları 18,7 faiz artıb.
Belə ki, 2020-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 mln. manat vəsait yönəldilib. Maliyyə Nazirliyinin məlumatına görə, bu, əvvəlki ildən 63,3 mln. manat, yaxud 18,7 faiz çoxdur. Ötən il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən, əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanıb. Dizel yanacağının qiymətinin qalxmasının kənd təsərrüfatına təsirini aradan qaldırmaq üçün fermerlərə verilən subsidiyaların məbləği artırılacaq. Artıq bu istiqamətdə işlərə başlanıb. Bununla da dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarına təsirlərini minimuma endirmək mümkün olacaq.
Bütövlükdə, Azərbaycanın aqrar sektora subsidiyaların ayrılmasında ön mövqedə olmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Yaxın perspektivdə biz bir sıra kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına təmin edəcəyik”
Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, aqrar sektorun subsidiyalaşdırılması çox önəmli məsələdir: “Məsələ ondadır ki, Azərbaycan aqrar ölkədir. Bir sıra məhsulların istehsalı üçün ölkədə əlverişli iqlim mövcuddur. Bu səbəbdən aqrar sektorun inkişafı üçün çox böyük perspektivlər və ehtiyatlar var. Ona görə də dövlətimiz ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək üçün qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektora xüsusi önəm verir. Nəticədə kənd təsərrüfatına verilən dövlət dəstəyi ilbəil artır. Subsidiyaların artırılması dövlətin aqrar sektora olan münasibətindən irəli gəlir. Məqsəd bu sahənin daha dinamik inkişafını təmin etməkdir. Hesab edirəm ki, bu sahədə görülən işlər iqtisadiyyata öz töhfəsini verə bilər. Bununla bağlı gözləntilər böyükdür. Yaxın bir neçə ildə biz daha yaxşı nəticələr əldə edəcəyik. Çünki aqrar sektorda potensial böyük olduğuna görə yaxın perspektivdə biz bir sıra kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına təmin edəcəyik. Eyni zamanda, həmin məhsulların bir hissəsini dünya bazarına ixrac edəcəyik. Ona görə də bu işlərin görülməsi vacibdir”.
Professor onu da qeyd etdi ki, ərazilərimizin işğaldan azad edilməsi aqrar sektorun inkişafına daha ciddi təkan verəcək.
Vidadi ORDAHALLI