Son zamanlar marketlərdə satılan məhsulların satış qiyməti yüksəlib. Satıcılar qiymət artımını yanacağın və içməli suyun bahalaşması ilə əlaqələndirirlər.
Ancaq aparılan araşdırmalara görə, marketlərdə yaşanan qiymət artımının əsas səbəbi tamamilə başqadır. Belə ki, istehsalçı hansısa marketə məhsul gətirirsə, ondan müəyyən məbləğdə rüşvət istənilir. Həmin məbləği ödəyən istehsalçı da, market də məhsulun üzərinə qiymət qoyur. Belə olduğu halda, marketlərdə satılan məhsulların satış qiyməti yüksək olur. Bu sahəyə necə nəzarət tətbiq olunmalıdır?
“...bu sahə ilə bağlı lazımi qaydalar tərtib olunsa, qiymətlər çox ucuzlaşacaq”
Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, son zamanlar marketlərdə bahalaşmanın müşahidə edilməsinin bir neçə səbəbi var: “İlk olaraq bildirim ki, qiymətlərin artması mövsümi səbəblərlə bağlı ola bilər. Onu da deyim ki, ərzaqların bahalaşması ilə bağlı hər gün Birliyə azı 3-4 müraciət daxil olur. Təbii ki, burada mövsümi səbəblər də var. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı məhsulları tükənib. Pandemiya ilə əlaqədar xarici ölkələrdən ərzaq məhsullarının idxal olunmasında problemlər yaranıb. Lakin başlıca problem, Prezidentin də dediyi kimi, inhisarçılığın və qiymət razılaşdırılmasının mövcudluğudur. Müəyyən məhsulu ölkəyə gətirən inhisarçılar toplantı qurub kartel sövdələşməsi keçirərək, vahid qiymət qoyurlar”.
Birlik sədri onu da vurğuladı ki, marketlərdə müvafiq qayda-qanunların olmaması qiymət artımına gətirib çıxarır. Bu sahə ilə bağlı lazımi qaydalar tərtib olunsa, qiymətlər çox ucuzlaşacaq:
“Məlumat üçün bildirim ki, marketlərdə qayda-qanun tənzimlənmir. Bununla bağlı xüsusi qayda-qanun yaradılmalıdır. İstehsalçı istənlən marketə məhsul gətirirsə, ondan 10-15 min rüşvət istəyirlər. Tələb olunan məbləği ödəyən istehsalçı da, market də məhsulun üzərinə qiymət qoyur. Bu sahə üçün nəzarət tətbiq edilərsə, qiymətlər çox ucuz olacaq”.
Günel CƏLİLOVA