Xəbər verildiyi kimi, Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na daxil edilib.
Qeyd edək ki, "BakuBus" MMC-nin İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin səbəbi kimi qeyd olunan daşıyıcı şirkətin ziyanla işləməsi göstərilir. Məlumat üçün bildirək ki, ölkədə ictimai nəqliyyatdan istifadə edənlərin sayı az deyil. Həmçinin, ölkənin nəqliyyat sektoruna da xüsusi qayğı və diqqət göstərilir. Belə olan halda, "BakuBus" MMC-nin ziyanla işləməsi maraq doğurur.
“...dövlət büdcəsindən dotasiyalar da azaldılacaq”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, MMC ziyanla işlədiyi üçün İnvestisiya Holdinqinin idarəetməsinə verilib: “Məlumat üçün bildirim ki, İnvestisiya Holdinqinin yaradılması səbəbi dövlət şirkətlərinin rentabelli işləməsinə şərait yaradılmasıdır. İzafi xərclərin azaldılması, ziyanla işləmənin qarşısının alınması və gəlir əldə edilməsini təmin etməkdir. Şirkətlərin İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi o deməkdir ki, bu qurumlar ziyana işləyirlər. İlkin monitorinqdən, ziyanla işləmənin səbəbləri araşdırıldıqdan sonra izafi xərclər, dövlət büdcəsindən dotasiyalar da azaldılacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hesablama qaydası dəyişməli, təmir və digər xərclərin şişirdilməsinin qarşısı alınmalı, tenderlər şəffaflaşmalıdır. Bütün bunlardan sonra "ziyanla işləmək” anlayışı olmayacaq. Yəni "BakuBus”un ziyanla işləməsi mümkün deyil və bunu hamı gözəl bilir”.
Günel CƏLİLOVA