Aşıq Ədalət Nəsibov dəfn olunub. Qazaxda yaşayan gənc şair Taleh Mansurun APA-ya verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri iştirak edib.
Qeyd edək ki, Aşıq Ədalət sentyabrın 14-də Bakıda vəfat edib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.
Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.