Bu dəqiqələrdə Prezident İlham Əliyevin sərəncamına əsasən jurnalistlər üçün Bakının Səbail rayonunda tikilən ikinci binanın açılış mərasimi keçirilir.
Baki-xeber.com-un xəbərinə görə, açılış mərasimində Prezidenti İlham Əliyev iştirak edir.
Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına Mənillərin sayı və yaradılan şərait barədə məlumat veriblər.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Hazırda dövlət başçısı çıxış edir. Bunun ardınca Prezident ilham Əliyevin jurnalistlər üçün tikilməsinə sərəncam verdiyi 3-cü binanın təməlqoyma mərasimində iştirakı gözlənir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.
Onu da bildirək ki, bugünkü sevincdən “Bakı Xəbər” ailəsinə də pay düşüb – 3 əməkdaşımız mənzil sahibi olmanın sevincini yaşayır.