ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib.
"Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər, iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq", - deyə o qeyd edib.
“ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə, qoşunların təmas xəttində monitorinq aparması ilə bağlı imkanlarının artırılmasına böyük ehtiyac var”. Bunu da A.Lukaşeviç bildirib.
"Təəssüf ki, bu qərara Dağlıq Qarabağ münaqişəsi tərəflərinin ziddiyyətli mövqelərinin olmasından və kompromisin olmamasından nail olmaq olmur. Hesab edirəm ki, yaxın perspektivdə tərəflərlə fəal işləyən ATƏT-in Minsk qrupunun elədiyindən daha çox nəsə etmək çətin ki, mümkün olsun. Bir qədər əvvəl Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirildi. Bir sıra ehtimallar var ki, bu ölkələrin prezidentləri görüşə bilərlər. Həmsədrlər münaqişə tərəfləri ilə aktiv işləyirlər. Lakin həmsədrlər sehrbaz deyillər, onlar regionda təhlükəsizliyi lazımi səviyyədə yarada bilməzlər. Ən başlıcası dialoqun qorunub saxlanılmasıdır, tərəflərə regionda qüvvələr balansının pozulmasını hədələyən qarşıdurmaya getməyə, həlli uzun çəkən bu münaqişənin nizamlanması üçün ciddi problem yaratmağa imkan verməməkdir", - deyə Lukaşeviç qeyd edib.