Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.
İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin görüşü olub. Burada dövlət başçıları səviyyəsində görüşün təşkil edilməsi təklif olunub.
E.Məmmədyarov qeyd edib ki, müvafiq olaraq, xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar: "Görüş münaqişənin həlli prosesində mühüm elementdir".
Lakin nazir vurğulayıb ki, bu görüşlər sadəcə görüş xatirinə keçirilməməlidir: "Əgər dövlət başçıları səviyyəsində görüş təşkil olunursa, düşünürəm ki, həmsədrlər tərəfindən təklif edilən münaqişənin nizamlanması və onun implementasiyası üzrə planın müzakirəsini təmin etmək lazımdır".
Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb
Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb. Bunu da Azərbaycanın xarisi işlər Naziri Elmar Məmmədyarov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
Nazir deyib: "Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb".
Nazirin sözlərinə görə, Xəzər dənizi - "ayıran deyil, birləşdirən sərvətdir".
E.Məmmədyarov əlavə edib: "Müsbət amildir ki, Xəzəryanı dövlətlər addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşıblar. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq".
Qeyd edək ki, Xəzəryanı dövlətlər - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə çərçivə sazişi imzalayıblar.