Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu Trend-in müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.
Sonradan Azərbaycan Respublikası Dövlət Sərhədinə Xidməti (DSX) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.
Qeyd olunub ki, yaxın müddətdə məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl,erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi.