Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın həlak olması ilə bağlı Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təşkilatçılığı ilə ATƏT-in Kiyevdəki ofisi qarşısında etiraz aksiyası təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının, o cümlədən Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin üzvləri, habelə bu ölkədə yaşayan soydaşlarımız da iştirak ediblər.
Aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında Zəhranın şəkilləri və qatil Sarkisyan yazılmış plakatlar tutaraq, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.
Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.