ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu dəstəkləyir. Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Robin Danniqan Bakıda deyib.
Dövlət Departamentinin rəsmisi bildirib: "Bu gün mənim üçün XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının açılışnda iştirak etmək, eləcə də ABŞ Prezidentinin məktubunu oxumaq böyük şərəfdir".
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi təkcə Azərbaycan iqtisadiyyatına töhfə verməyəcək, eyni zamanda dünya enerji təhlükəsizliyində vacib rol oynayacaq.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə biz iki ölkə arasında əməkdaşlığı müzakirə etdik, o cümlədən ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyini vurğuladıq”. Bunu da R.Danniqan deyib.
Onun sözlərinə görə, görüşdə tərəflər bütün istiqamətlərdə əməkdaşlığı müzakirə ediblər.
R.Danniqan qeyd edib ki, "Cənub Qaz Dəhlizi" kimi belə böyük layihənin həyata keçirilməsi üçün çoxlu ölkə və tərəfdaşları cəlb etməklə açıq dialoq vacibdir: "Bu layihə Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır".