Bu il Rusiya və Azərbaycan prezidentlərinin bir neçə görüşü olacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
Onun sözlərinə görə, iki ölkə rəhbəri olduqca tez-tez görüşür: "Ən yaxın görüşün Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində iyunun 8-9-da Astanada keçiriləcəyi gözlənilir".
Rusiya XİN başçısının müavini hər iki dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştiraklarını təsdiqlədiklərini söyləyib: "Ona görə də onların söhbət etmək üçün gözəl imkanı var. Bilirəm ki, Vladimir Vladimiroviç və İlham Heydər oğlu bu təmasları çox qiymətləndirirlər. Nə vaxt ki, iki prezident razılaşırlar, qalan dövlət strukturları və hətta ictimai strukturlar bu müsbət tona uyğunlaşırlar, bunu münasibətlərin gələcək inkişafı üçün siqnal kimi qəbul edirlər".
"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır". Bunu da Rusiyanın xarici işlər nazirinin müavini Q.Karasin bildirib.
"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır. Bu çox qəddar və həlli çətin olan problemdir. Qarabağ münaqişəsini istisnasız olaraq siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır. Bu həll yoluna alternativ yoxdur",-deyə Rusiya XiN başçısı qeyd edib.
Q. Karasin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Rusiyanın xarici siyasət prioritetləri sırasına daxil olduğunu söyləyib: "Biz üçlükdə, Fransa və ABŞ-la birlikdə bu münaqişənin nizamlanması ilə məşğul oluruq. 2013-cü ildə həmsədr ölkələrin prezidentləri birgə bəyanatlarında öz mövqelərini açıq bildirdilər ki, tərəflərə maksimum yardım etmək lazımdır, lakin münaqişəni həll etmək üçün bütün məsuliyyət tərəflərin üzərinə düşür".