Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında keçirilən təntənəli tədbirlər mayın 10-da statin ikinci ən böyük şəhəri olan San Dieqoda davam etdirilib.
Nəsimi RIH-dən baki-xeber.com-a verilən xəbərə görə, San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib. Bu nəhəng tədbirdə incəsənət ustalarımız tərəfindən milli musiqi və rəqslərimizdən əvəzsiz nümunələrin səsləndirilməsi və nümayişi geniş tamaşaçı kütləsi tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. A.Əsgərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışaraq qeyd edib ki, ümummilli liderin Azərbaycanın inkişafı strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərinin getdikcə daha da sıxlaşmasından məmnun olduğunu diqqətə çatdırıb. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim edib.
Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material təqdim olunub.