Bu gün alman faşizmi üzərində tarixi qələbənin 72-ci ildönümü qeyd olunur.
Faşizm üzərində qələbə bu qanlı döyüşlərdə 300 min nəfərdən çox qurban vermiş Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Bəşər tarixinə ən qanlı müharibə kimi düşən İkinci Dünya müharibəsi 1939-cu ildə Hitler Almaniyasının Polşaya hücumu ilə başlayıb. 1941-ci il iyunun 22-də isə SSRİ-yə hücum edib. 5 il davam edən qanlı döyüşlər 1945-ci il mayın 9-da Almaniyanın məğlubiyyəti ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox — 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Bütün bunlardan sonar Bakının qəhrəman şəhərlər sırasında yer almaması təəssüf doğurur.