Rusiyanın xarii işlər naziri Sergey Lavrovun son bəyanatı Ermənistanda bomba effekti yaradıb.
Baki-xeber.com-un xəbərinə görə, Rusiya XİN rəhbəri deyib ki, Gümrüdəki hərbi baza “İslam dövləti” terrorçu təşkilatı ilə mübarizə üçün hazırdır. Bunun ardından da Ermənistanın terrorun birbaşa hədəfinə çevrilməsilə bağlı bu ölkədə narahatlıqlar başlayıb. Nəzərə alınsa ki, Gümrüdəki Rusiya hərbi bazası erməni-rus hərbi birləşmələrinin bir hissəsini təşkil edir, o zaman bu, Ermənistanın avtomatik olaraq antiterror əməliyyatına cəlb olunması deməkdir. İndi bu ölkədə az qala hər kəsi maraqlandıran əsas sual Lavrovun bu bəyanatı verməzdən öncə həmin məsələni Ermənistan rəhbərliyilə razılaşrırıb-razılaşdırmamasıdır ki, əslində vəziyyət ikinciyə daha yaxın görünür.
Bəllidir ki, sözügedən açıqlama ABŞ-ın Rusiyaya onun Suriyadakı mövqeyilə bağlı verdiyi ultimatum fonunda səslənib. Ardınca isə Putin KTMT ölkələrinə müraciət edib ki, bu da ABŞ-a inad Rusiyanın öz ətrafında koalisiya illüziyası yaratması cəhdi hesab olunur. Bundan əlavə, ötən həftə Putinlə Ərdoğan arasında Soçidə keçirilən görüşdə iki ölkə arasında mövcud sanksiyaların qaldırılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda Rusiya, Türkiyə və iran Suriya çözümündə təşəbbüsü ələ alıb ki, bütün bunlar da Ermənistanın narahatlığını gedərək artırmaqdadır. Bu arada bu ölkədə narahatlığa əsas verən daha bir hadisə isə ATƏT-in İrəvan ofisi ətrafında baş verənlərdir. Ofisin bağlanması erməni politoloqlarını o qədər maraqlandırmasa da, bunun Lavrovun məlum açıqlaması ilə eyni vaxta düşməsi təsadüf hesab olunmur. Üstəlik bu ölkədə formalaşan rəyə görə, ATƏT-in İrəvan ofisinə hər zaman Moskvanın nümayəndəsi başçılıq etdiyindən, Rusiyanın baş verənlərdən xəbərdar olduğu, hətta Qərblə İrəvanın münasibətlərinin pozulmasına çalışdığı barədə ciddi şübhələr mövcuddur. İndi erməni politoloqlar bu fikirdədir ki, bu iki hadisə bir-birinə bağlıdır və Moskva bununla özünün əsas məqsədinə - Ermənistanın beynəlxalq təcridinə nail oldu. Üstəlik, Gümrüdəki hərbi bazasını terrorla mübarizəyə açmaqla Ermənistanı hədəfə çevirdi...
Baki-xeber.com