Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Mali Prezidenti İbrahim Boubakar Keita ilə görüşüb. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi vurğulandı. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olundu.
Azərbaycanda yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mali Prezidenti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər sürətli inkişaf yolu keçərək dünyada böyük nüfuz qazandığını diqqətə çatdırdı. Prezident İbrahim Boubakar Keita ölkəmizdə keçirilən seçkilərdə dövlətimizin başçısının yüksək səs qazanmasının xalqın Azərbaycan Prezidentinə inamının və etimadının göstəricisi olduğunu diqqətə çatdırdı. Azərbaycanın sürətli inkişafından məmnunluğunu ifadə edən Mali Prezidenti Bakının dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini vurğuladı.
Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirdi. Mali Prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini bildirdi.
Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının önəmini qeyd etdi.
Dünya Turizm Təşkilatının baş katibi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüşüb. Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın turizmin inkişafı ilə bağlı Dünya Turizm Təşkilatının tövsiyələrindən uğurla bəhrələndiyi, ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyi qeyd olundu. Həmçinin yeni turizm marşrutlarının açılmasının, viza rejiminin sadələşdirilməsinin, gələcəkdə Azərbaycan vasitəsilə xüsusi tranzit reyslərin təşkilinə dair təkliflər müzakirə olundu.
Dövlətimizin başçısı son illər ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini, bu baxımdan geniş imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev turistlərin ölkəmizə rahat gələ bilmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, son dörd ayda artımın 26 faiz təşkil etdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir.
Prezident və xanımı UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüblər. Görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yüksək qiymətləndirildi.
UNESCO-nun Foruma böyük önəm verməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq ildən-ilə artır və bu tədbir artıq qlobal hadisəyə çevrilib.
İrina Bokova UNESCO-nun bu Forumun əsas tərəfdaşlarından biri olmasından məmnunluq duyduqlarını bildirdi. Qeyd etdi ki, bu mötəbər tədbirə böyük əhəmiyyət verən UNESCO tərəfindən Forumda 15 müxtəlif layihə təqdim olunur. Xanım İrina Bokova dedi: “UNESCO regionda böyük nüfuz sahibi olan Azərbaycanın mövqeyini, bütün qonşu ölkələrlə dost və mehriban münasibətlərini yüksək dəyərləndirir”.
Forumun dünyada böyük uğur qazanması münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbriklərini çatdıran UNESCO-nun baş direktoru Bakının dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını vurğuladı.