Ötən həftə Avropa İttifaqının (Aİ) Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqlar aparılıb.
APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
O qeyd edib ki, hər iki tərəf danışıqların aparılmasında ambissiyalı, qətiyyətlidir: "Düşünürəm k, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti öncəsi biz qızğın işləyirik".
“Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların fevralın 7-də uğurlu şəkildə başlanmasından sonra ilk rəsmi mərhələ aprelin 25-26-da Bakıda baş tutdu”. Bunu isə Avropa İttifaqının (Aİ) sözçüsü Maya Kosiyançiç Bakıda keçilmiş danışıqların nəticəsini şərh edərkən deyib.
O, danışıqların konstruktiv ruhda keçdiyini bildirib: “1996-cı ildə imzalanmış və o vaxtdan bəri Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin əhəmiyyətli inkişafını əks etdirən Əməkdaşlıq və Tərəfdaşlıq sazişini əvəzləyəcək ambisiyalı saziş əldə etmək üçün hər iki tərəfdə böyük iradə var. Saziş siyasi, iqtisadi, ticarət sahələrini əhatə edəcək. Danışıqlar gecikmə olmaması üçün həm Azərbaycanda, həm Brüsseldə, həm də videokonfranslar vasitəsi ilə mütəmadi əsasda davam etdiriləcək”.