"Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi üçün Türkiyədə referendum prosesinin başa çatmasını gözləyirdik". APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, artıq referendum prosesi tamamlanıb, yayda üçlü formatda görüş keçirilməsi nəzərdə tutulur.
"Görüşün ilk olaraq hansı formatda keçiriləcəyi üçüncü ölkənin hazırlığından asılıdır", - deyə diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan formatında müxtəlif səviyyəli görüşlər keçirilir.
"Avropa Şurası Parlament Assambleyasının Türkiyənin yenidən monitorinq prosesi altına alınması barədə qərarını tanımadığımızı açıqlamışıq". Bu sözləri də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, bu, siyasi qərardır: "Bu qərarın arxasında başqa hədəflərin olduğunu düşünürük. Bizim tərəfdən bu qərarın qüvvəsi yoxdur. Türkiyənin rəsmi orqanları, prezidentimiz, baş nazirimiz məsələ ilə bağlı münasibətlərini bildiriblər və bu qərarı qınayıblar".