Aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3592 dəfə pozub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri ay ərzində erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.
Ötən ay Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirib. Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən istifadə edilib. Buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
Bundan əlavə, aprel ayında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 mm-lik minaatanlardan istifadə etməklə, Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.