Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub.
Görüş zamanı Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin davam etdirilməsi perspektivləri müzakirə olunub və 2016-cı ilin iyununda Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların icra olunmasının vacibliyi vurğulanıb.
Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək üzrə razılıq əldə edib. XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra nazirlər ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb və mövzu barədə fikir mübadiləsi aparıblar.
APA-nın məlumatına görə, nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı verdikləri bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür edib: "Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıb. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb".
Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, "Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək".