Türk Hava Yolları şirkəti Bakı Şopinq Festivalına gələn sərnişinləri üçün çox əlverişli aksiyaya start verib.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Turkish Airlines”in Bakı reysinin sərnişinləri Bakı Şopinq Festivalı çərçivəsində mayın 10-dək ödənişsiz olaraq təyyarə ilə 10 kq əlavə yük daşıya biləcək. Nəzərə alınsa ki, “Turkish Airlines” Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir, Bakı Şopinq Festivalına aviaşirkətin təyyarələrində gəlmiş turistlər üçün bunu qaçılmaz fürsət kimi dəyərləndirmək olar.
Xatırladaq ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festival bu ilin oktyabrına planlaşdırılır.