İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) baki-xeber.com-a verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.
Həmçinin bildirilir ki, bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır.
Qeyd edək ki, Türkiyənin NTV kanalının yaydığı məlumata görə İstanbulda törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən biri Azərbaycan vətəndaşıdır. Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.
APA-nın verdiyi xəbərə görə, yaralanan azərbaycanlı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan əslən axısxa türkü olan M. Mirəliyev ayağından yaralanıb. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zərərçəkən APA-nın Türkiyə müxbirinə artıq əməliyyat olunduğunu deyib. O bildirib ki, vəziyyəti normaldır, özünü yaxşı hiss edir. Yaralı İstanbulda yaşayan qohumlarına baş çəkmək üçün bu şəhərə səyahət etdiyini deyib.
Onu da xatırladaq ki, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.