Almaniya Bundestaqının qondarma erməni genosidini tanıyan bəyanatı bu ölkənin özündə də birmənalı qarşılanmayıb. EAdaily saytının məlumatına görə, sözügedən qətnaməyə etirazlar Almaniyanın aparıcı mətbu orqanlarında da yer alıb.
Məsələn, bu ölkənin ünlü nəşrlərindən olan "Deutsche Welle”-in baş redaktoru Aleksandr Kudaşeff yazır: "Genosidi anlamaq, hiss etmək, tarixdə yerini müəyyən etmək – bu, türklərin işidir. Bu heç bir halda bütöv xalqın adından danışan Alman Bundestaqının vəzifəsi ola bilməz. Bu missiya türk xalqının və siyasətçilərinin əlindən alına bilməz. Bu nəinki yekəxanalıqdır, həm də özündənmüştəbehlikdir... və sonu yoxdur”.
Digər alman nəşri "Die Zeit” isə bu hərəkətin alman dövləti və ümumiyyətlə Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərə verəcəyi fəsadları xatırladır. Nəşr yazır ki, Bundestaqın bu sənədi qəbul etməsi ilk öncə kansler Merkeli pis vəziyyətdə qoyub. Çünki ondan ötrü Türkiyə ilə miqrantlar problemini yoluna qoymaq çox önəmlidir və bu məsələdə açar rolunu məhz Türkiyə oynayır. Hazırkı situasiyada isə Türkiyənin hansı addımlar atacağı bəlli olmasa da, istənilən addımın Almaniyanın xeyrinə olmayacağı gün kimi aydındır. Nəşrə görə, məlum sənədin qəbulundan sonra ölkənin XİN rəhbəri Frank Valter Ştaynmayerin də qibtəolunacaq vəziyyətdə deyil. Belə ki, o, uzun müddət bu rezolyusiyanın qəbulunun qarşısını almağa çalışıb. Sənədin qəbulu ilə isə miqrant böhranının çözümündə əsas xarici fiqur olan Türkiyə ilə aparılan danışıqların perspektivi sual altına düşür. Elə bu rəsmilərin Bundestaqın sözügedən sənədi qəbul edərkən hansısa bəhanələrlə səsvermədən yayınmaları da deyilənlərin təsdiqi sayıla bilər.
Baki-xeber.com