Ötən sutka ərzində Amerikada iki hərbi təyyarə qəzası yaşanıb. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, ilk qəza prezident Obamanın Koloradoda çıxışı zamanı baş verib.
Belə ki, Obama Kolorado ştatında ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının kursantlarının məzun mərasimində çıxış edərkən havada şou göstərən təyyarə partlayıb. Xoşbəxtlikdən pilot katapult edə bilib. Daha sonra prezident Obama pilotla görüşərək onu tərifləyib.
CBC News telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, uçuşqabağı bütün təyyarələr texniki baxışdan keçib və heç bir nasazlıq aşkarlanmayıb.
Bundan bir neçə saat sonra Tennessi ştatında aviaqəza yaşanıb. Blue Angel ("Mavi mələk”) qrupundan olan F-18 Smirna şəhərində qəzaya uğrayıb. Bu qəzada isə pilot katapult etməyə imkan tapmayıb və həlak olub. "Associated Press”-in xəbərinə görə, təyyarə həftə sonu keçiriləcək aviaşouda iştirak etməli idi. Dünənki uçuş isə məşq xarakteri daşıyırmış.
Xəbərdə o da qeyd olunur ki, həmin sinif təyyarələr Suriya və İraqda uğurlu əməliyyatlar keçirdiyindən, son hadisənin araşdırılması ABŞ-ın Federal Aviasiya idarəsinə həvalə olunub.