Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi çox müsbət göstəricidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard bildirib ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır: "Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar".
"Azərbaycan Prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərmanını alqışlayırıq". Bunu da Malena Mard deyib.
M.Mard bildirib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir: "Bu fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Aİ-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Bu baxımdan hesab edirəm ki, "ASAN Viza" böyük uğur gətirəcək".