"Modus Vivendi” erməni analitik mərkəzinin rəhbəri Ara Papyan Azərbaycanda "Formula1” yarışlarının ardından qondarma "DQR”-lə Azərbaycan arasında yenidən gərginlik yaşanacağını deyib. Erməni mətbuatının yazdığına görə, bu barədə o, iyunun 1-də keçirdiyi mətbuat konfransında bildirib.
Ekspert deyib ki, beynəlxalq yarışların bitməsi Roma Papasının Ermənistana səfəri öncəsinə təsadüf edir ki, bu fürsətdən də Azərbaycan mütləq yararlanacaq və müharibəyə cəhd edəcək. Məsələ burasındadır ki, erməni tərəfi aprel müharibəsini Azərbaycanın başladığı fikrini hər vəchlə beyinlərə yeritmək üçün ötən müddət ərzində geniş təbliğat aparıb və bu təbliğat elə bu gün də davam edir. Çox güman, sözügedən ərəfədə Ermənistan özü hansısa provokativ hərəkətlər edərək Azərbaycanı cavab tədbirlərinə sövq etmək, beləliklə də II Frensisin səfəri ərəfəsində regionun diqqət mərkəzində olmasından istifadə edərək Azərbaycanı aqressor kimi təqdim etməklə özünün "məzlum xalq” obrazının sürdürmək məqsədi güdür. Eyni zamanda bu, düzənli atəşkəs pozuntularına görə Azərbaycanı dünyanın nəzərində qınaq obyektinə çevirməkdə onlara yardımçı olardı.
Erməni ekspertin açıqlamasında daha bir maraqlı məqam isə 25 illik müharibənin hədəfinin guya Azərbaycan tərəfindən dəyişdirilməsidir. O deyir ki, Azərbaycan mərhələli addımları ilə Ermənistanı "münaqişənin yeni fazasına sürükləyir”. Onun sözlərinə görə, bu münaqişə artıq Qarabağ uğrunda döyüşmə fazasını geridə buraxıb və hazırda ermənilərlə "Azərbaycanda yaşayan türklər” arasında gedir. Məqsəd isə "erməni faktorunu neytrallaşdırmaqdır”.
Papyanın bu açıqlamasının Ermənistanın yeni bir qızışdırıcılıq taktikasına start verməsinin göstəricisi olduğu şübhə doğurmur. Çünki Azərbaycanın nə yüksək dairələrinin açıqlamalarında, nə də mediasında erməni ekspertinin "dahiyanə” proqnozlarına ipucu verəcək hər hansı ıfadə səslənməyib. O üzdən düşünmək olar ki, erməni tərəfi bununla əslində Azərbaycanın atmasını istədiyi addımları dilə gətirir. Söz yox ki, bunun ardınca onun özünün atacağı addımların trayektoriyası artıq hazırdır. Onun harada hazırlandığı isə bir qədər şübhəlidir...
Samirə SƏFƏROVA