20 minə yaxın uşaq İraqın Əl-Fəllucə şəhərində "İslam dövləti”nin təhlükəsi altında qalıb, üstəlik, ərzaq və su çatışmazlığından əziyyət çəkir.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, bu barədə YUNİSEF-in bəyanatında deyilir. Təşkilatın İraqdakı nümayəndəsi Piter Hokinsin verdiyi bəyanatda bildirilir ki, su və ərzaq kimi, dərman preparatları da tüənmək üzrədir. Hokins onu da bildirib ki, İŞİD uşaqları öz sıralarına qatılmağa məcbur edir, əllərinə silah verərək döyüşə göndərir.
Təşkilat döyüşən tərəfləri azyaşlıları qorumağa və onların şəhərdən çıxışına yardım edilməsinə çağırıb.
Xatırladaq ki, İraq hərbçiləri Əl-Fəllucənin azad edilməsi uğrunda döyüşlərə bir həftə öncə başlayıb. Bu müddət ərzində bir neçə yaşayış məntəqəsinin qaytarılmasına nail olunub. Bundan əlavə, İŞİD-in Hacı Həmzə adı ilə tanınan şəhər özəyinin başçısı da məhv edilib.
Əl-Fəllucə Bağdadın cənubunda yerləşir və 2014-cü ildən İŞİD-in nəzarətindədir.