ABŞ Dövlət Departamenti bu yay Avropaya üz tutan amerikanlara terror xəbərdarlığı edib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, xəbərdarlıqda Fransada futbol çempionatı və Polşada Ümumdünya katolik gənclər günü xüsusi qeyd olunub.
Xatırladaq ki, futbol çempionatı 10 iyun – 10 iyul tarixlərində Fransada keçiriləcək. Dövlət Departamenti bu tarixlərdə stadionların və matçların kütləvi izlənəcəyi istənilən məkanı terror aktları üçün potensial hədəf olaraq göstərib və vətəndaşlarını belə məkanlardan uzaq olmağa çağırıb.
Gənc katoliklərin Ümumdünya gənclər gününə həsr olunmuş qurultayı isə 26-31 iyul tarixlərində Polşanın Krakov şəhərində baş tutacaq. Bu tədbirdə 2,5 milyon insanın iştirakı gözlənir. Göstərilən zaman kəsiyində Polşa hökumətinin ciddi təhlükəsizlik tədbirləri görəcəyi və pasport yoxlamalarının tətbiq ediləcəyi də verilən xəbərlər sirasindadir.
ABŞ Dövlət Departamenti etdiyi xəbərdarlığın 31 avqust tarixinə kimi qüvvədə olduğunu bildirib.