ABŞ hökumətinin əlində Səudiyyə Ərəbistanının 11 sentyabr terroru ilə əlaqəsini sübut edən heç bir dəlil yoxdur. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, belə bir açıqlama ilə Ağ Evin rəsmisi Coş Ernest çıxış edib.
"Dərc olunmuş sənəddə Səudiyyə Ərəbistanının yüksək vəzifəlilərinin terrorçuları dəstəkləməsinə dair heç bir dəlil yoxdur”- o deyib.
Xatırladaq ki, 12 aprel tarixində senatorlar ABŞ prezidenti Barak Obamanı 11 sentyabr terroru ilə bağlı hesabatın məxfi hissəsini açıqlamağa çağırıb. Sözügedən sənəd 800 səhifədən ibarət olsa da, onun yalnız 28 səhifəsi milli təhlükəsizlik baxımından bu günə kimi məxfi saxlanıb. Senatorların çağırışı da həmin 28 səhifənin açıqlanmasına yönəlib. Keçmiş senator Bob Qrehemin sözlərinə görə, həmin sənəddə Səudiyyə Ərəbistanı vətəndaşlarına təyyarələri tutmaqda, Ümumdünya Ticarət Mərkəzi və Pentaqona istiqamətləndirməkdə, pilotların təlim keçməsində kimlərin yardım etdiyi ətraflı əksini tapıb.
Onu da bildirək ki, ötən ilin 30 sentyabrında Nyu York Dairə Məhkəməsi terakt nəticəsində ölənlərin qohumlarının Səudiyyə Ərəbistanına qarşı iddiasını rədd edib. Hakim Corc Deniels deyib ki, suveren dövlət olduğu üçün Səudiyyə Ərəbistanı immunitetə sahibdir və Amerika qanunlarına görə, onu tələb olunan məbləği ödəməyə məcbur etmək olmaz.