Ağdamda ermənilərin atdığı mərmi yaşayış evinə düşüb. Bu barədə Baki-xeber.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonu, Evoğlu kəndində fərdi yaşayış evinə erməni hərbi birləşmələri tərəfindən atılmış mərmi nəticəsində evin bir hissəsi dağılıb, digər hissəsində isə yanğın baş verib.
Dərhal hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğını söndürərkən ev yenidən erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalıb və 1 nəfər yanğınsöndürən qəlpə yarası alıb.