Azərbaycanın müxtəlif yerlərindən cəbhə bölgəsinə könüllü olaraq vuruşmaq üçün axın edənlərin qarşısını almaq üçün döyüş bölgəsinə yaxın ərazilərdə polis və hərbi blokada postları yaradılıb.
Bu barədə İnterfax-Azərbaycan yerli sakinlərə istinadən məlumat yayıb. Müdafiə nazirin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, hazırda Azərbaycan ordusu ona verilən tapşırıqların öhdəsindən gələ bilir.
O bildirib ki, cəbhəyanı zonalardan insanlar qruplar şəklində gəlirlər və ermənilərlə döyüşməyə hazır olduqlarını bildirirlər.
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında 9 siyasi partiyanın mövcud hərbi - siyasi durumla bağlı da müzakirəsi olub. Partiyadan "Qafqazinfo”ya daxil olan məlumata görə, müzakirələrdə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası,Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Konqres Partiyası, Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası iştirak edib. Toplantıda şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilmiş, onların ailələrinə və yaxınlarına baş sağlığı verilib. Yaralıların tezliklə şəfa tapmaları üçün dualar edilib.
Azərbaycan Ordusunun, işğal olunmuş torpaqların bir hissəsini azad etməsi uğurlu addım kimi qeyd olunub. Azərbaycan hakimiyyətindən işğal olunmuş bütün torpaqlarımızın tam azad olunmasını təmin etmək üçün siyasi, diplomatik, hərbi və digər tədbirləri daha səylə və ardıcıl davam etdirməsi tələb edilib. Toplantıda, bəzi partiyalar tərəfindən hərbi səfərbərliklə bağlı təkliflər də səslənib.
Həbsdəki polkovnik Prezidentə müraciət etdi
Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Müdafiə Nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov dövlət başçısına müraciət edib.
"Qafqazinfo”ya daxil olan müraciətdə M.Səlimov qeyd edir ki, bu gün İstintaq Təcridxanasında saxlanılan şəxslər bir nəfərə kimi silaha sarılaraq düşmənlə döyüşə getmək istəyir: "Cənab Ali Baş Komandan, mən Azərbaycan ordusunun yaradılmasında, əsgər-zabit heyətinin formalaşmasında xüsusi xidmətlər göstərmişəm və Qarabağ döyüşlərində iştirak etmişəm. 1999-cu ilə qədər Müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışmışam. Bu gün həbsdəyəm. Şübhə etmirəm ki, haqq öz yerini tapacaq, mənim günahsızlığım sübut olunacaq və bundan sonra da bütün varlığımla Azərbaycana xidmət edəcəm.
Bununla belə, mən həbsdə rahat yata bilmirəm. Sevinirəm ki, bu gün güclü Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurur, ermənilər pərən-pərən olub. Artıq terrorçu Ermənistan dövləti Azərbaycanın qarşısında diz çöküb.
Məhz Sizin qətiyyətiniz, siyasətiniz, peşəkarlığınız, ordumuzun gücü sayəsində düşmən xeyli geri çəkilib.
Cənab Ali Baş Komandan, bu gün həbsxanada onlarla gənc mənə müracitə edirlər ki, döyüşmək istəyirik. Mən ehtiyatda olan polkovnik kimi Sizdən xahiş edirəm ki, mənim, eyni amanda burada həbsdə olan onlarla gəncin xahişini nəzərə alasınız və bizi cəbhəyə düşmənlə döyüşə göndərəsiniz. Bir hərbçi üçün ən şərəfli yol döyüş meydanıdır. Xahiş edirəm, dövlətimə, millətimə yenidən xidmət göstərməyim üçün məni buradakı dustaqlarla birlikdə cəbhə xəttinə göndərəsiniz. Biz ölməyə yox, öldürməyə hazırıq! Son qanıma qədər döyüşə hazıram. Vaxtilə erməni ordusuna vurduğum zərbələri bir daha təkrarlamaq istəyirəm”.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirləndirilərək həs edilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam edir.