Azərbaycanın Müdafiə Nazirliyi aprelin 2-nə keçən gecə işğalçı Ermənistan ordusunun mövqelərimizə hücum etməsilə qoşunların təmas xəttində başlanan və bu günə kimi davam edən döyüşlərdə yaralanan əsgər və zabitlərimiz üçün qana ehtiyacın olub-olmaması barədə ictimaiyyəti narahat edən suallara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Silahlı Qüvvələrdə qana olan tələbat tam təmin edilir. Açıqlamada deyilir ki, Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.
Hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev bildirib ki, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir.
"Ümumiyyətlə, Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur", - deyə K.Quliyev vurğulayıb.
Baki-xeber.com