Aprelin 2-nə keçən gecə mövqelərimizə hücum etməklə atəşkəsi növbəti dəfə pozan erməni tərəfi, belə görünür, qazdığı quyuya özü düşüb. Hər nə qədər ilk adıımın Azərbaycan tərəfindən atıldığını və ermənilərin cavab verməyə məcbur olduğunu ictimai fikrə sırımağa çalışsalar da, bu dəfə Ermənistan yalanlarının işə yaramadığının fərqindədir.
Ən əvvəl ondan başlayaq ki, aprelin 1-i axşam saatlarında Ermənistanın Dağlıq Qarabağa müasir döyüş texnikası gətirdiyi barədə elə bu ölkənin öz sayti - Times.am xəbər yayıb. Saytın xəbərinə görə, həmin tarixdə, yəni cəbhədə atışmaların intensivləşməsindən cəmi bir neçə saat əvvəl Ermənistan Xankəndiyə "Точка-У" taktiki raket kompleksləri və "Смерч" reaktiv atəş sistemləri göndərib. Eyni zamanda xəbər verilib ki, Ermənistan HHQ-nin Su-25 hücumçu təyyarələri də Xankəndi aerodromuna göndərilərək dərhal döyüşə hazır vəziyyətə gətirilib. Saytın daha öncə yaydığı xəbərə görə isə, erməni silahlı qüvvələri qondarma "respublikaya” raket-artilleriya briqadası göndərib.
"Kavkazskiy uzel” saytı isə yazır ki, Xankəndidən könüllüləri daşıyan bir neçə avtobus qoşunların təmas xəttinə doğru yol alıb. Saytın xəbərinə görə, eyni zamanda qondarma "respublika”nın televiziyası əli silah tuta bilən veteranlara müraciət edərək hərbi əməliyyatlara dəstək verməyə çağırılıb.
Bütün bunlar Ermənistanın planlı şəkildə vəziyyəti gərginləşdirməyə, Azərbaycanı provokasiyaya çəkməyə çalışdığının real göstəriciləridir və dünya gözünə pərdə tutmazsa, Azərbaycanın haqlı mövqeyini görə bilər.
Baki-xeber.com