Şimali Koreyanın Amerika-Cənubi Koreya birgə hərbi təlimlərinə nüvə silahı ilə cavab verməyə hazır olduğunu bəyan etməsini rəsmi Seul provokasiya adlandırıb.Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Cənubi Koreya müdafiə nazirliyinin "Yonhap” agentliyinin 7 mart tarixində yaydığı bəyanatında deyilir.
"Şimali Koreya dərhal məhvedici və azğın hərəkətlərinə son verməlidir. Provokativ addımlar bu şəkildə davam edərsə, Cənubi Koreyanın cavabı qəti və amansız olacaq” – deyə qurumun rəsmi nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, daha öncə KXDR rəhbərliyi, ölkəsinə təhlükə yaranarsa, ABŞ və Cənubi Koreyanı nüvə silahı ilə hədələmişdi. Təhlükəni isə onlar ABŞ və Cənubi Koreya ordusunun martın 7-ə planlaşdırılan hərbi təlimlərində görürlər. KXDR onu da bildirir ki, Cənubi Koreyanın "azad olunması” üçün də plan işləyib hazırlayıblar.
Ümumilikdə isə Koreya yarımadasında vəziyyət Pxenyanın 6 yanvar tarixində hidrogen bombasını sınaqdan keçirməsini rəsmi bəyan etməsindən sonra gərginləşib. Bir ay sonra isə bu ölkə orbitə özünün sputnikini buraxıb ki, bunda məqsəd Yerin nəzarətdə saxlanmasıdır. Dünya ölkələri bu addımı BMT TŞ-nın müvafiq rezolyusiyasının tələblərinin pozulması kimi qiymətləndirib. Martın 2-də isə BMT TŞ Şimali Koreya ilə bağlı sərtləşdirilmiş yeni sanksiyalar paketi qəbul edib.