Egey dənizində baş verən son miqrant faciəsi və 25 nəfərin həyatını itirməsi Aİ ölkələri və Türkiyənin iştirakı ilə keçiriləcək bugünkü toplantıda birlik ölkələrinin qəbul edəcəyi qərarlara ciddi təsir göstərəcək. Beynəlxalq müşahidəçilər Aİ dövlət başçıları və təmsilçilərinin Türkiyədən miqrant axını ilə əlaqədar ciddi tədbir görülməsini tələb edəcəklərini xüsusilə qeyd edirlər.
Ölənlərin arasında 13 uşaq da olub . Türk sahil xilasediciləri 15 nəfərin həyatını xilas etməyə nail olublar.
Bazar gecəsi İtaliya sahil mühafizəsi Yunanistanin Kos adasının yaxınlığında 13 miqranti xilas edib. Son sutka ərzində isə Türkiyə vasitəsilə Avropaya gedən 360 miqrant Yunanıstanın Lesbos adasına çatıb.
Ümumdünya Miqrasiya Təşkilatının məlumatına görə, təkcə bu ilin əvvəlindən Türkiyə vasitəsilə Avropaya axın edən 320 miqrant Aralıq dənizində həyatını itirib. Bütün bunlar son nəticədə miqrantların çoxluğu və onları su yolu ilə aparan vasıtələrin yararsız olmasından, eyni zamanda, həmin vasitələrin bu miqdarda insan tutumuna malik olmamasından qaynaqlanır. Nəticədə isə yüzlərlə günahsız insan həyatını itirir.
Nahid SALAYEV