Martın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş "Zəlimxan özü var xatirələrdə” adlı ədəbi-bədii gecə keçirildi. Səhnədə Zəlimxan Yaqubun kitablarından ibarət maket yer almışdı.
Gecəni mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq görkəmli şair, ictimai xadim Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığından ətraflı söhbət açdı. Nazir qeyd etdi ki, Zəlimxan Yaqub milli poeziyamızda özünəməxsus yer tutur:” Biz bu səhnədə Zəlimxan Yaqubun odlu-alovlu çıxışlarını dinləməyə alışmışıq. Onu saatlarla dinləməklə doymaq olmurdu. Bu gün o yoxdur, bura onun xatirəsinin işığına yığışmışıq. Zəlimxan Yaqubun yaradıcılığı ümumbəşəri mahiyyət daşıyır. Şairin dolğun, geniş məzmunlu poeziya inciləri ədəbiyyatımıza, dövlətçiliyimizə, milli məfkurəyə xidmət edir. Zəlimxan Yaqub poeziyasının zirvəsi ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət dastanı” poemasıdı. "Ilk andımız son andımız Turandır” deyiminə sadiq qalan Z.Yaqub böyük mütəfəkkir Hüseyn Cavid dən sonra bu məfkurəni öz yaradıcılığında geniş şəkildə tərənnüm edir”.
Əbülfəs Qarayev çıxışında həmçinin bildirdi ki, Z.Yaqub poeziyasındakı füsunkarlıq, gözəllik, axıcılığı aşıq və bəstəkarları onun yaradıcılığına cəlb edib və bundan qiymətli nəğmələr yaranıb. Z.Yaqubun bədii irsinin dəyərindən danışan nazir dedi ki, indiyə qədər Z.Yaqubun 50 dən artıq kitabı nəşr edilib. 2013-cü ildə nəşr edilən şairi 13 cildlik əsərləri əfəbiyyatımız üçün böyük töhfədir. Nazir qeyd etdi ki, Z.Yaqub Azərbaycan ədəbiyyatını həm ölkəmizdə, həm də xarici ölkələrdə ləyaqətlə tərənnüm, təbliğ edən şair idi. Nazir onu da vurğuladı ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın mədəni sərvətinə, aşıq sənətinə, ədəbiyyatına həmişə böyük qayğı göstərib. Nazir bu qayğının əyani təzahürü kimi aşıq sənətinə və xalq şairinin yaradıcılığına göstərilən qayğını qeyd etdi. O dedi ki, Z.Yaqub dövlətimizin ən ali mükafatlarına layiq görülüb. Onun "Şərəf” və "Şöhrət” ordenlərinə, xalq şairi fəxri adına layiq görülüb. Bundan başqa xalq şairinin Gürcüstan Respublikasının "Şərəf ” medalı ilə təltif edilməsinin Z.Yaqub yaradıcılığının ölkəmizdən kənarda da sevildiyini qeyd edən nazir bildirdi ki, Z.Yaqub 2003-cü ildən ömrünün sonuna qədər Aşıqlar Birliyinə rəhbərlik edib və o, bu illərdə aşıq sənətinin inkişafında böyük işlər görüb. 2010-cu ildə və 2014-cü illərdə keçirilən Beynəlxalq açıq Festivalından danışan nazir qeyd etdi ki, bu festival aşıq sənətini beynəlxalq miqyasda təbliğində böyük rol oynayıb. Nazir vurğuladı ki, Z.Yaqub iki çağırış Milli Məclisin üzvü, Azərbaycan Prezidenti Yanında Əfv Komissiyasının üzvü olub. Z.Yaqubun yaradıcılığının ədəbi tənqidçilərin diqqət mərkəzində olduğunu deyən nazir bildirdi ki, onun yaradıcılığı haqqında yazılan yazılar "Zəlimxan Yaqub ədəbi düşüncələrdə” nəşrində toplanıb. . Qarayev dedi ki, fenomenal yaddaşa malik olan mərhum xalq şairinin bu gün gözəl insan, görkəmli şəxsiyyət kimi xatırlanır. Z.Yaqub barəsində kitablar yazıldığını, filmlər çəkildiyini deyə nazir xalq şairinin xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağını vurğuladı. Nazirin çıxışının ardınca səhnədə lent yaddaşından Z. Yaqubun səsi canlandı. Aktyorlar Zəlimxan Yaqubun mərhum Heydər Əliyevə həsr etdiyi " Əbədiyyət dastanı”poemasından parçalar ifa etdi. Sonra səhnəyə ustad aşıq Cahangir Quliyev dəvət edildi. Sonra aktyorlar yenidən səhnəyə gəldi. Tədbir boyu xalq şairi lent yaddaşından pərəstişkarlarını sevindirdi, gah sazla, gah sözlə vurğunlarını o udurdu.
Bu yaşıl ağacın üstü Allahın
Bu yaşıl ağacın altı bizimdi.
Müasir aşıq sənətinin tanınan nümayəndəsi aşıq Ədalət Dəlidağlı, əməkdar artist, xanəndə Ehtiram Hüseynov, türkiyəli aşıq Maksud Qoca Fəryadi, Cənubi Azərbaycan aşıqları Əbülfəz Qayabaşı, Muxtar Qayabaşı və Şahbaz Süleymani, aşıq Fəzail Miskinli çıxış etdilər.
Əməkdar artist, bədii qiraət ustası səhnəyə gələrək Z.Yaqubun əsasən vətənpərvərlik şeirlərini, yurd-yuva ağrısını, Qarabağ dərdini ifadə edən poetik örnəklərini dilə gətirdi, şairin məşhur " Öldürün, öldürün, öldürün məni” şeirini xüsusi yanğı ilə söylədi. Xalq artisti Mələkxanım Əyyubova şairin "Gözəl dünya gözəllərin var olsun” şeirini muğam üstə ifa etdi.
Qeyd edək ki, martın 3-də Aşıqlar Birliyinin sədri mərhum xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilən ədəbi-bədii gecənin keçirilməsindən bir neçə saat əvvəl Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin iclası keçirilib və professor Məhərrəm Qasımlı Aşıqlar Birliyinin yeni sədri seçilib.
Iradə Sarıyeva