RF hüquq-mühafizə orqanları Moskvada uşaq öldürmüş dayənin telefonunda iki şübhəli şəxsin nömrəsini aşkarlayıb. Baki-xeber.com RBK-ya istinadən xəbər verir ki, həmin şəxslərin beynəlxalq ektremistlər olduğu ehtimal edilir.
"İnterfaks”ın öz mənbəsinə istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovanın ətrafında ekstremist qüvvələrlə bağlılığı olan iki kişi təsbit olunub. Həmin şəxslərin bu il telefonun kontakt siyahısına daxil edildiyi bildirilir. O da xəbər verilir ki, dayə uşağı qətlə yetirdiyi gün bu şəxslərdən birinin telefonu söndürülüb. Hazırda əməliyyatçılar həmin şəxslərin olduğu yeri təsbit etməyə, eyni zamanda onların Moskvada olub-olmadığını və Bobokulova ilə onların görüşünün baş tutub-tutmadığını aydınlaşdırmağa çalışır.
Xatırladaq ki, 29 fevral tarixində Moskvada dayəlik edən Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova baxdığı azyaşlını qətlə yetirib. 2 mart tarixində qatil qadın tutulub və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanları hazırda qadını bu işə təhrik edənləri araşdırır. Ehtimal olunur ki, onu bu işə birlikdə yaşadığı Tacikistan vətəndaşı təhrik edib.