"Russkiye yevrei” saytı məşhur inqilablar sponsoru Corc Sorosun eksklüziv müsahibəsini dər edib.
Baki-xeber.com-un xəbərinə görə, məşhur multimilyoner dünyanın 2008-ci il böhranını yenidən yaşadığını bildirib. Lakin qeyd edib ki, bu iki böhranın yaranma səbəbləri tam fərqlidir. Onun sözlərinə görə, 2008-ci il böhranına Amerika səbəb olmuşdusa, bu dəfə böhran dünyaya Çin vasitəsilə yayılıb və bu vəziyyət islaholunmazdır.
Məşhur amerikalı finansist deyir ki, problem deflyasiyada və Çin iqtisadiyyatının nəhəng borclarındadır. Onun fikrincə, çinlilər uzun müddət buna əhəmiyyət verməyiblər. Lakin finansist deyir ki, ümumi sosial borcu 300-350 faiz təşkil edən Çinin iqtisadiyyatının kəskin çökməsi qaçılmazdır. Onun sözlərinə görə, əsas problem isə deflyasiyadır. "Bu elə bir vəziyyətdir ki, biz ona alışmamışıq. Heç kəs deflyasiyanın olacağını gözləmirdi – sonuncu dəfə bu hal 1930-cu ildə yaşanıb. Mən onda doğulsam da, bazarla məşğul olmurdum təbii ki. Biz vəziyyətdən necə çıxacağımızı bilmirik, amma bunu öyrənməliyik” – Soros deyib. Finansist bildirib ki, Çinin çöküşü artıq baş verir:”Mən bunu müşahidə edirəm. Lakin ÇXR bunun öhdəsindən gələ biləcək: onun böyük resursları və manevr imkanları var və digər ölkələrdən fərqli olaraq 3 trilyon ehtiyatları var”- deyən Soros təəssüflə bildirib ki, Çin bu problemləri dünya ölkələrinə ötürəcək. Onun fikrincə, hətta bu baş verməsə də, onlar 2-3 il doğru olmayan yolla gedə bilər. "Lakin bu gün yaşananların fəsadları böyük olacaq”- deyə o xəbərdarlıq edib.
Sorosun fikrinə, bugünkü deflyasiyanın 3 əsas səbəbi var: Çin, neft qiymətlərinin enişi və rəqabətli devalvasiya. Bu səbəblərin hər birinin mövcud situasiyaya ciddi təsirinin olduğunu deyən Soros bu situasiyada "ən zəif bəndin” Rusiya olduğunu bildirib. Qeyd edib ki, onun Çin qədər ehtiyatları yoxdur ki, bir neçə il ayaqda qala bilsin. Finansist 2017-ci ili bu səbəbdən ağır il kimi xarakterizə edib. Bildirib ki, Rusiya xarici borlarını qaytarmaq üçün büdcə xərclərini kəskin azaltmalı olacaq. Sorosun ən maraqlı fikri isə Rusiyanın Suriya əməliyyatları ilə bağlı olub. O deyib ki, Putinin bu vaxta kimi populyar qalmasının kökündə ölkədəki maliyyə sabitliyi və həyat səviyyəsinin, yavaş templə olsa da, yüksəlişi dururdu:”Lakin Qərbin sanksiyaları ilə bu vəziyyət dəyişməyə başladı və Putin mövqelərini itirməmək üçün risqə getməyə, avantüralara baş qoşmağa başladı. Elə Suriyaya da bundan ötrü girdi – bununla vəziyyətinin düzələcəyinə ümid edirdi” – deyən Soros onu da bildirib ki, Rusiyanın çöküşü gələcəkdə qaçılmaz olsa da, Avropa Birliyinin tədricən kollapsa girdiyi artıq müşahidə olunur.