Bolqarıstanda yanacaqdoldurma məntəqələrindən birində "İslam dövləti” terrorçu qruplaşmasının istehsal etdiyi benzinin satıldığı ortaya çıxıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Trud” qəzeti yerli gömrük xidmətinin məlumatına əsasən xəbər yayıb.
Xəbərə görə, yoxlamaya səbəb ABŞ və Rusiyadan alınmış sputnik çəkilişləri olub. Məhz həmin fotolar sayəsində qaçaq yolla Bolqarıstana gətirilən yanacağın hərəkət trayektoriyasını müəyyən etmək mümkün olub. Bəlli olub ki, benzin Varna və Burqas limanlarına tankerlərlə çatdırılır. Sənədlərə görə, Yunanıstandan gələn bu yük Avropa İttifaqının daxili daşınmalarına aiddir, lakin tankerlərin Qara və Aralıq dənizlərində 6 limanda dayandığı bildirilir ki, İŞİD istehsalı benzinin məhz həmin limanlarda tankerlərə yükləndiyi ehtimal olunur.
"Təhlükəsizlik orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölməsi hazırda Sofiyanın və daha 15 əyalətin yanacaqdoldurma məntəqələrində kütləvi şəkildə xüsusi yoxlama aparır. 50 ticarət obyekti nəzarət altına düşüb” – qəzetin xəbərində bildirilir.