Səudiyyə Ərəbistanı hökuməti Moskva və Dəməşqi Suriyada barışıq şərtlərini pozmaqda ittiham edib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, Moskva isə Ər-Riyadın bəyanatını BMT TŞ-nin qərarlarına zidd adlandırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı XİN başçısı Adel Əl-Cübeyr Ər-Riyadda mətbuat konfransında alternativ planın olduğunu bildirib. Həmin plana görə, Əsəd hərbi, ya sülh yolu ilə, istənilən halda getməlidir. "Reuters”-in xəbərində bildirilir ki, Suriya və onun müttəfiqləri münaqişənin həlli istiqamətində əldə olunan razılaşmaya əməl etsələr, bu plan dəyişə bilər. Əl-Cübeyrin sözlərinə görə, Dəməşq və Moskva bu razılaşmanın şərtlərini pozur. "Düşünürəm ki, razılaşmaya əməl olunması və müvəqqəti hökumətin yaradılması və hakimiyyətin Əsəddən alınaraq ona ötürülməsi prosesin ciddiliyinin ən bariz göstəricisi ola bilər” – deyə səudiyyəli nazir bildirib.
Lakin səudiyyəli nazirin sözlərinə Rusiya tərəfinin reaksiyası özünü çox gözlətməyib. Rusiya XİN başçısının müavini Mixail Boqdanov deyib ki, Əl-Cübeyrin bəyanatı BMT TŞ-nin qərarlarına ziddir O qeyd edib ki, heç bir plan "B”dən söhbət gedə bilməz və bütün partnyorlar Rusiya – Amerika razılaşmasına əməl etməlidir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama 22 fevral tarixində Suriyada atəşkəslə bağlı razılaşma imzalayıb. Ertəsi gün isə "The Wall Street Journal” ABŞ prezidentinin administrasiyasına istinadən xəbər verib ki, Pentaqon və FTB Obamadan hər ehtimala qarşı plan "B” tələb edib. Rusiya XİN başçısı Sergey Lavrov isə belə bir planın mövcudluğunu istisna edib.