Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilən tədbirlər çərçivəsində 25 fevral 2016-cı il tarixində Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində xatirə tədbiri keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı, çox sayda KİV nümayəndələri və çox sayda Qızılcahamam rayon sakinləri iştirak etmişlər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır. İlk olaraq Türkiyə Baş nazirinin müavinləri Lütfi Elvan və Numan Kurtulmuşun tədbirə ünvanladıqları mesajlar oxunmuşdur. Mesajlarda Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunmuşdur.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Qızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, tələbə və kursant nümayəndələrimiz həyata keçirdikləri çıxışlarda Xocalı soyqırımı və ümumiyyətlə, ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs etmişlər, bir daha bu kimi cinayətlərin törədilməməsi üçün atılması zəruri olan addımlarla bağlı əsaslı tezislər irəli sürmüşlər. F.Bağırov həyata keçirdiyi çıxış zamanı Xocalı Abidə Muzey Kompleksinin Azərbaycan və Türkiyənin birgə yaddaşını nümayiş etdiyini qeyd edərək, Xocalıda törədilmiş soyqırımın yaddaşlarda daimi olaraq qalması naminə tarix şüurunun həmişə yaşadılmasının zəruri olduğunu vurğulamışdır.