Donald Tramp bir əsrdən sonra ABŞ valyutasında sağ ikən əks olunan ilk ABŞ prezidenti oldu. Çərşənbə günü ABŞ Zərbxanası Trampın təsviri olan kolleksiya üçün bir dollarlıq sikkə buraxıb. Trampın görüntüsü, “Azadlıq" və "Tanrıya güvənirik" sözləri olan sikkə ABŞ-ın 250 illiyi münasibətilə buraxılıb. Zərbxana 25 sikkə dəstini 61 dollara satışa çıxarıb, 100 sikkədən ibarət bir çantanın qiyməti isə 154,50 dollardır. Buraxılışdan cəmi bir neçə saat sonra Zərbxananın veb saytında sikkələrin "hazırda ehtiyatda olmadığı" barədə mesajı yazılıb. Zərbxananın izahında bildirilir ki, “Tramp sikkəsi” "bu tarixi mərhələnin qeyd edilməsi" üçün buraxılıb və "müasir kolleksiyalara əla bir əlavə" olmaq üçün nəzərdə tutulub. Veb saytdan əlavə, sikkələr Vaşinqtondakı Mint satış avtomatlarında da satılır. Onlar qızıl kimi görünür, lakin əslində tərkibində qızıl yoxdur: zərb etdikləri ərinti 88,5% mis, qalan hissəsi isə sink, manqan və nikeldir. Qeyd olunur ki, ABŞ Maliyyə naziri Skott Bessent öz departamentinin ABŞ-ın 250 illik yubileyi şərəfinə Donald Trampın təsvir olunduğu 250 dollarlıq əskinas buraxacağını bu ilin may ayında açıqlayıb.
SAMİRƏ