Qarabağın erməni separatçıları rus dilini ikinci dövlət dili elan edən "islahat" keçirdilər. Elə ilk günlərdən dünyanın buna münasibəti heç bir formada təzahür etmədi, lakin Ermənistan ermənilərinin səsi dərhal çıxdı. Təbii ki, pisləyənlər oldu, bunu konyunkturaçılıq sayanlar oldu, faktdan Rusiyaya qarşı öz kinini puskürmək üçün fürsət olaraq istifadə edənlər oldu. Əksəriyyət təşkil edən erməni cəmiyyətinin reaksiyası isə mənasız bir təzahürə münasibət kimi özünü göstərdi. Niyə?
Bunu özünün Facebook sosial hesabında “Bakı Xəbər” media qurumunun təsisçisi və baş redaktoru, politoloq Aydın Quliyev yazıb. Özünün qoyduğu “Niyə” sualının ardınca isə politoloq fikirlərinə belə davam edir:
“Qarabağda separatçıların özlərinə aid hesab etdikləri ərazilərdə bircə nəfər də olsun etnik rus yaşamadığı halda rus dilinin kimlər üçün dövlət dili elan edilməsi qeyri-ciddi görünür. Ermənistanın özü monoetnik ölkə kimi tanındığı halda hansısa başqa xarici dili paralel dövlət dili elan etməyin nə mənası var? Ağıllı dünya bilir ki, ermənilərin neçə illərdi bir ovuc yezidi kürdü çoxmillətli dövlətin əlaməti kimi sübut etmək siyasəti heç bir nəticə vermir.
Separatçıların dil oyunu Rusiyaya münasibətdə Ermənistan rəhbərliyinin səhvlərini uğursuz düzəltmək cəhdidir. Rusiya bilir ki, fürsət düşən kimi 200 illik müttəfiqliyi Qərbə satanların bir-iki erməni cocuğuna rus dili öyrətməsi baş aldatmaqdır. Holokost abidəsi qoymaqla İsrailin də başını bunun kimi aldatmaq istəmişdilər. Axırı nə oldu? İsrail rəsmən Ermənistanı antisemit ölkələr siyahısına saldı..."