Tarix elmi yalnız keçmişin xronoloji xülasəsi deyil, həm də xalqın milli özünüdərk prosesinin, dövlətçilik təfəkkürünün və vətənpərvərlik ruhunun formalaşmasının əsas sütunudur. Müasir Azərbaycan tarixşünaslığında bu missiyanı şərəflə yerinə yetirən aparıcı alimlərdən biri professor Kərim Şükürovdur. Onun zəngin elmi irsi milli tariximizin fundamental məsələlərinin araşdırılmasına, saxtalaşdırmalara qarşı konseptual cavabların verilməsinə və xüsusilə Qarabağ həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatdırılmasına həsr olunmuşdur.
Professor K.Şükürovun yaradıcılığında vətənpərvərlik emosional deyil, konseptual, sənədli və akademik mahiyyət daşıyır. Alim öz tədqiqatlarında göstərir ki, əsl vətənpərvərlik tarixi faktı təhrif etmədən, ilkin mənbələrə söykənərək millətin tarixi yaddaşını bərpa etməkdən ibarətdir.
Alimin elmi fəaliyyətinin əsas xəttini Azərbaycanın ərazi bütövlüyü, tarixi demoqrafiyası və soyqırımı dərslərinin araşdırılması təşkil edir. Onun əsərlərində dövlətçilik ənənələrinin ardıcıllığı elmi əsaslarla sübut olunur ki, bu da böyüyən nəslin milli ruhda tərbiyə olunmasında mühüm rol oynayır.
K.Şükürovun elmi yaradıcılığında Qarabağ tarixi mərkəzi yerlərdən birini tutur. Alim Qarabağ xanlığının yaranması, siyasi strukturu və regional rolu barədə çoxsaylı tədqiqatların müəllifidir.
K.Şükürovun Y.Mahmudovla həmmüəllif olduğu "Qarabağ: real tarix, faktlar, sənədlər" əsərində bölgənin qədim dövrdən müasir dövrədək olan tarixi zəngin arxiv materialları əsasında nəzərdən keçirilir. Alim tarixi sənədlərlə sübut edir ki, Qarabağ ərazisi fasiləsiz olaraq Azərbaycan türk dövlət qurumlarının tərkib hissəsi olmuş, burada mövcud olan maddi-mədəniyyət abidələri Azərbaycan xalqına məxsusdur.
Qarabağın işğalı və işğaldan azad olunması dövründə də alim fəal elmi-analitik mövqe nümayiş etdirmiş, Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətini akademik səviyyədə təhlil etmişdir.
Ermənilərin Cənubi Qafqaza, xüsusən də Azərbaycanın Qarabağ və İrəvan bölgələrinə köçürülməsi prosesinin elmi təhlili Kərim Şükürovun yaradıcılığının ən parlaq səhifələrindəndir. Alim çar Rusiyasının XIX əsrin əvvəllərində həyata keçirdiyi demorqrafik siyasəti arxiv sənədləri əsasında ifşa etmişdir.
O, 1805-ci il Kürəkçay müqaviləsini Qarabağ xanlığının müstəqil Azərbaycan dövləti kimi Rusiya imperiyasına təbəəliyə qəbul edilməsini təsbit edən hüquqi sənəd kimi təhlil edir. Alim vurğulayır ki, bu müqavilədə erməni amilindən bəhs olunmur.
Professor Türkmənçay müqaviləsinin 15-ci maddəsi əsasında ermənilərin İrandan və Osmanlı imperiyasından Qarabağ, Naxçıvan və İrəvan ərazilərinə kütləvi köçürülməsini statistik məlumatlarla əsaslandırır.
Alim Rusiya məmurları və tədqiqatçılarının (İ.Şopen, N.Şavrov və b.) rəsmi hesabatlarına istinad edərək XIX əsrin birincı yarısında 100 mindən çox, növbəti onilliklərdə isə yüz minlərlə erməninin Azərbaycan torpaqlarına yerləşdirildiyini və bununla da bölgənin etnik xəritəsinin süni şəkildə dəyişdirildiyini sübut edir.
Nəticə etibarı ilə qeyd edək ki ,professor Kərim Şükürovun yaradıcılığı Azərbaycan tarixşünaslığında vətənpərvərlik məktəbinin nümunəsidir. Alimin Qarabağ tarixi, ermənilərin bölgəyə köçürülməsi və etnodemografik dəyişikliklər barədə fundamental tədqiqatları yalnız elmi dəyərə malik deyil, həm də Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün elmi-nəzəri müstəvidə müdafiə olunmasında güclü silah rolu oynayır. Bu yaradıcılıq elmi obyektivliklə vətəndaşlıq mövqeyinin harmonik birliyini təcəssüm etdirir.
Rizvan QARABAĞLI Memarlıq üzrə fəlsəfə doktoru