İnsanın ömür yolu yalnız keçdiyi illərin xronologiyasından ibarət deyil. Əsl dəyər həmin illərin cəmiyyətə, elmə, təhsilə və insanlara nə verdiyi ilə ölçülür. Bu baxımdan BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin baş müəllimi Əliyusif Məhəmməd oğlu Məmmədovun 70 illik ömür yolu Azərbaycan informasiya və kitabxana-informasiya fəaliyyətinin, ali təhsilinin, sənəd menecmentinin və bu sahələrdə gedən modernləşmə proseslərinin ayrı-ayrı mərhələlərini özündə əks etdirən zəngin və maraqlı bir həyat məktəbidir.
1956-cı il sentyabrın 12-də anadan olmuş Əliyusif Məmmədov əmək fəaliyyətinə hələ gənc yaşlarında başlamışdır. Onun peşəkar həyatının ilk mərhələsi istehsalatla bağlı olmuş, sonrakı fəaliyyəti isə tədricən elmi-texniki informasiya, kitabxana işi, informatika, informasiya proseslərinin avtomatlaşdırılması, pedaqoji fəaliyyət, əqli mülkiyyət və standartlaşdırma kimi bir-biri ilə sıx əlaqəli istiqamətləri əhatə etmişdir.
Bu yolun mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Əliyusif Məmmədov nəzəri biliklərini həmişə praktik fəaliyyətlə əlaqələndirməyə çalışmışdır. 1977-ci ildən 2002-ci ilədək Səttarxan adın (əvvəllər leytenant Şmidt adına) neft maşınqayırma zavodunda texniki nəzarətçi, istehsalat şöbəsinin mühəndisi və direktorun istehsalat məsələləri üzrə köməkçisi vəzifələrində çalışması ona real istehsalat mühitini, texniki prosesləri və idarəetmənin praktik tərəflərini yaxından öyrənmək imkanı vermişdir. Əsasən ikinci və üçüncü növbələrdə, axşam və gecə saatlarında işləyərək eyni zamanda təhsilini davam etdirməsi, daha sonra gecə zavodda, gündüz isə elmi, pedaqoji sahədə çaləşması isə onun məqsədyönlü və zəhmətkeş xarakterinin göstəricilərindən biridir.
İstehsalatda çalışdığı illərdə illərində onun ixtiraçılığa və əqli mülkiyyət məsələlərinə marağı da formalaşmışdır. Keçmiş İttifaqda bu növlü yeganə təhsil müəssisəsi olan Azərbaycan İxtira Yaradıcılığı İctimai İnstitutunda (AZOİT) təhsil alması sonralar patent, əqli mülkiyyət və texniki informasiya sahəsindəki fəaliyyətinin əsasını təşkil etmişdir.
Əliyusif Məmmədov 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin əyani şöbəsini bitirmişdir. Onun tələbəlik dövründə kitabxana-biblioqrafik fəaliyyətlə yanaşı, xüsusi maraq göstərdiyi sahə informatika idi. Həmin dövrdə informatika anlayışının daha geniş mənada istifadə edilərək elmi və texniki informasiyanın nəzəriyyəsi ilə bağlı olması və kompüterləşdirmənin onun texniki bazası kimi qəbul edilməsi Ə. Məmmədovun bu seçimin sonrakı peşə yolunda nə qədər əhəmiyyətli olduğunu göstərir. Ə. Məmmədovun diplom işi də məhz informatikanın aktual problemlərinə həsr edilmişdi.
Universiteti bitirdikdən sonra informatika və patent sahəsindəki hazırlığı nəzərə alınaraq Neftemaş Xüsusi Konstruktor Bürosunun Elmi-Texniki İnformasiya və Patent şöbəsinə mühəndis qəbul edilən Əliyusif Məmmədov az sonra Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya Mərkəzinə – SİNİON-a dəvət olunmuşdur. Burada əvvəlcə Biblioqrafik Tədqiqatlar şöbəsində Azərbaycanda ictimai elmlər üzrə sənəd axınının və kütləsinin biblioqrafik təhlili ilə məşğul olmuş, bu sahə üzrə əvvəlcə ənənənəvi resursların kartoteka və göstəricilərin, sonra isə elektron sənəd-informasiya resurslarını hazırlanması ilə məşğul olmuşdur. Ə. Məmmədovun bu dövrdəki fəaliyyətinin məhsulu bir sıra elmi köməkçi biblioqrafik göstəricilər, o cümlədən “Azərbaycanda ictimai elmlərin inkişafı” seriyası altında tərtib və nəşr edilmiş, 1920-1980-ci illərdə çıxmış hüquq elmi və praktikası üzrə nəşrləri əharə edən fundamental “Hüquq” biblioqrafik göstəricisi olmuşdur. O, daha sonra isə SİNİON-un İnformasiya Proseslərinin Avtomatlaşdırılması şöbəsində çalışaraq Azərbaycanda ilk dəfə olaraq paylaşdırılmış biblioqrafik verilənlər bazasına əsaslanan Avtomatlaşdırılmış İnformasiya-Axtarış Sisteminin yaradılmasında iştirak etmişdir. Həmin sistem Azərbaycanda ictimai elmlər üzrə dərc edilən kitab və məqalələri əks etdirən biblioqrafik informasiyanı elektron mühitədə formalaşdırilması üzrə ilk təcrübə idi.
SİNİON-dakı fəaliyyəti onun peşəkar bioqrafiyasında xüsusi mərhələ təşkil edir. İnformasiya-biblioqrafik proseslərin avtomatlaşdırılması, elektron informasiya resurslarının və verilənlər bazalarının yaradılması, elmi işçilərə informasiya xidmətinin təşkili kimi işlərdə iştirakı Əliyusif Məmmədovun hələ 1980-ci illərdə informasiya texnologiyalarının gələcək rolunu praktik şəkildə dərk edən mütəxəssislərdən biri olduğunu göstərirdi.
Məhz həmin dövrdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin Biblioqrafiya kafedrasının müdiri, mərhum professor Zöhrab Əliyevin təklifi ilə kafedra nəzdində yaradılmış Biblioqrafik İnformasiya-Axtarış Sistemləri laboratoriyasına rəhbərlik etmək üçün universitetə dəvət olunmuşdu. 1987-ci ildə BDU-ya keçən Əliyusif Məmmədov həmin ildən pedaqoji fəaliyyətə də başlamışdır. Beləliklə, onun həyatında istehsalat, elmi informasiya və ali təhsil bir-birini tamamlayan vahid peşəkar istiqamətə çevrilmişdir.
1991-ci ildə Biblioqrafiyaşünaslıq ixtisası üzrə əyani aspiranturaya daxil olan Əliyusif Məmmədov 1994-cü ildə təhsilini başa vurmuş, 1995-ci ildən Biblioqrafiyaşünaslıq kafedrasında assistent kimi fəaliyyətini davam etdirmişdir. 2006-cı ildə baş müəllim vəzifəsinə təyin edilmiş, 2007-ci ildən isə BDU-dakı pedaqoji fəaliyyəti ilə yanaşı Prezident Kitabxanasında kitabxana fəaliyyətinin avtomatlaşdırılması prosesində yaxından iştirak etmiş, burda kitabxana-biblioqrafik fəaliyyətin zamanın tələblərinə uyğun olaraq qurulmasına yönələn ardıcıl metodiki iş aparmışdır. Ə. Məmmədov 2007–2022-ci illərdə bu iki istiqamətdə fəaliyyətini paralel olaraq çalışmış, 2022-ci ildə Prezident Kitabxanasında təqaüdə çıxdıqdan sonra BDU-da, həmişə çalışdığı fakültədə tam ştatda pedaqoji fəliyyətini davam etdirmişdir.
Əliyusif Məmmədovun pedaqoji fəaliyyətinin əsas xüsusiyyətlərindən biri yeniliyə və müasir informasiya texnologiyalarına açıq olmasıdır. Fakültədə fəaliyyətinin ilk illərində kompüterlə işləmək bacarığı və ingilis dilində peşəkar fəaliyyət göstərmək imkanlarına malik müəllimlərdən biri olmuş, sonralar Azərbaycan və rus dilləri ilə yanaşı ingilis dilində də tədris aparmışdır. Bu istiqamətdəki hazırlığı və innovativ yanaşması ona xarici ölkələrin aparıcı ali məktəblərinin təcrübəsini öyrənmək imkanı da yaratmışdır.
2002-ci ildə Fransanın Lion şəhərində kitabxanaçılıq və informasiya fəaliyyəti üzrə ixtisaslaşmış ENSİB-də ixtisasartırma və akademik mübadilə proqramında iştirak etmiş, 2003-cü ildə isə ABŞ Dövlət Departamentinin dəstəklədiyi BDU–İndiana Universiteti əlaqə proqramı çərçivəsində İndiana Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsində bir semestr təcrübə keçmişdir. İndiana Universitetində tədris prosesini və proqramları öyrənərək kitabxanaçılıq təhsilinin təkmilləşdirilməsi və yeni ixtisas-informasiya mütəxəssisi ixtisasının yaradılması ilə bağlı təkliflər hazırlaması onun xarici təcrübəyə sadəcə tanışlıq məqsədilə deyil, ölkə təhsilinin inkişafı baxımından yanaşdığını göstərir.
ABŞ-da olduğu müddətdə üç elmi konfransda iştirak edən, onlardan birində tezisi dərc olunan Əliyusif Məmmədov həmçinin digər azərbaycanlı həmvətənləri ilə birlikdə “Amerika-Azərbaycan Təhsil və Mədəniyyət Fondu”nun yaradıcılarından biri olmuşdur. Kitabxana və informasiya fəaliyyəti sahəsində dünyanın əsas beynəlxalq təşkilatlarından olan İFLA-nın dünyanın müxtəlif şəhərlərində (Boston, Milan və Vrotslavda) keçirilən konfranslarında iştirakı da onun peşəkar dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Əliyusif Məmmədovun fəaliyyətinin daha bir mühüm istiqaməti əqli mülkiyyət, patent və standartlaşdırma sahəsidir. Mühəndislik təcrübəsi, ixtiraçılıq üzrə aldığı xüsusi hazırlıq və AZPATENT-in seminarlarında iştirakı ona bu sahədə ekspert kimi fəaliyyət göstərmək imkanı vermişdir. O, müxtəlif əqli mülkiyyət obyektlərinin təkmilləşdirilməsi və qeydiyyatına yardım etmiş, patent-texniki araşdırmalar və təhlillər aparmış, standartlaşdırma və sertifikatlaşdırma işlərində iştirak etmişdir. Əqli mülkiyyət obyektinin qiymətləndirilməsi istiqamətində həyata keçirdiyi işin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsi də bu fəaliyyətin mühüm nəticələrindən olmuşdur.
Bu təcrübə onun pedaqoji fəaliyyətində də öz əksini tapmışdır. Fakültədə “Normativ-texniki və patent sənədlərinin biblioqrafiyası” fənninin tədrisi ona həvalə edilmiş və Əliyusif müəllim uzun müddət həmin fənni tədris etmişdir. Hazırda isə o həm də Azərbaycan Standartlaşdırma İnstitutunun “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” üzrə Texniki Komitəsinin üzvü kimi fəaliyyət göstərir. Beynəlxalq standartlardan birinin Azərbaycan dilinə tərcüməsi və redaktəsində iştirakı, eləcə də Beynəlxalq Əmək Təşkilatının himayəsi ilə ölkədə peşə standartlarının hazırlanması prosesinə qoşularaq kitabxanaçı-biblioqraf peşəsi üzrə milli peşə standartının hazırlanmasında iştirak etməsi bu fəaliyyətin davamıdır.
Onun pedaqoji irsində yeni fənlərin yaradılması xüsusi yer tutur. Əliyusif Məmmədov bir sıra mövcud fənlərin proqramlarını köklü şəkildə yeniləmiş, eyni zamanda “Normativ-texniki və patent sənədlərinin biblioqrafiyası”, “İqtisadi biblioqrafiya”, “Ekologiyanın biblioqrafik informasiya təminatı”, “Turizmin biblioqrafiyası”, “Azərbaycan kitabxanalarının biblioqrafik informasiya resursları”, “Kitabxanaların elektron informasiya resursları”, “Sənədşünaslıq”, “Sahəvi biblioqrafiya” və digər fənlər üzrə proqram və mühazirə materialları hazırlamışdır. Ümumilikdə onun fəaliyyəti nəticəsində çoxsaylı yeni tədris proqramlarının meydana gəlməsi fakültənin tədris məzmununun yenilənməsinə mühüm təsir göstərmişdir.
2022-ci ildə fakültədə ilk dəfə ingilis dilində magistratura təhsilinə başlanarkən bu istiqamətdə əsas ixtisas fənlərinin tədrisi də Əliyusif Məmmədova həvalə edilmişdir. O, magistratura üçün bir çox fənn üzrə orijinal proqramlar, sillabuslar və mühazirə materialları hazırlamışdır. Beləliklə, uzun illər ərzində onun pedaqoji fəaliyyətində əsas istiqamətlərdən biri yalnız mövcud tədris materiallarından istifadə etmək deyil, yeni tədris məzmunu yaratmaq olmuşdur.
Son illərdə onun tədris fəaliyyətində rəqəmsal texnologiyalarla bağlı mövzuların xüsusi çəkisi daha da artmışdır. “Elektron informasiya resursları”, “İnformasiya sistemləri”, “Rəqəmsal bilik və tədqiqat bacarıqları”, “İnformasiya konsaltinqi və logistikası” kimi fənlərin Azərbaycan, rus və ingilis dillərində tədrisi onun peşəkar yolunun başlanğıcından –həm kitabxanalarda, həm də kitabxanalardan xaric sənəd-kommünikasiya proseslərin təkmilləşdirilməsi, Biblioqrafik təminat, elmi-texniki informasiyanın avtomatlaşdırılması məsələlərindən – bu günün rəqəmsal informasiya mühitinə qədər uzanan məntiqi inkişaf xəttini göstərir.
Əliyusif Məmmədovun fəaliyyətini yalnız universitet auditoriyası ilə məhdudlaşdırılmamışdır.. O, uzun müddət kitabxana sahəsində fəaliyyət göstərən aparıcı ictimai təşkilat olan Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasında uzun müddət layihə meneceri və xarici əlaqələr üzrə koordinator kimi çalışaraq kitabxana işinin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə böyük töhfə vermişdir. Eyni zamanda müxtəlif qurumların yerli və beynəlxalq layihələrində bazar araşdırmaları, texnologiyaların cari vəziyyətinin təhlili, patent araşdırmaları, iş yerlərində treninqlərin keçirilməsi kimi fəaliyyətlərdə iştirak etmişdir. O. dəfələrlə ekspert-məsləhətçi qismində respublikanın bir sıra universitet kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsinə yönələn təkliflər vermis, metodik yardım göstərmişdir.
Müxtəlif qurumlara əqli mülkiyyət obyektlərinin, o cümlədən əmtəə və xidmət nişanlarının qeydiyyatında yardım göstərməsi, AZPATENT-in tədbirlərində fəal iştirakı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Azərbaycanda keçirilən tədbirlərindən birində ölkəmiz tərəfindən əsas məruzəçi kimi çıxış etməsi onun praktiki fəaliyyətinin miqyasını daha aydın göstərir. Standartlaşdırma və sertifikatlaşdırma üzrə məsləhət xidmətləri göstərməsi də onun çoxşaxəli peşəkar fəaliyyətinin tərkib hissəsidir.
Bu gün informasiya cəmiyyətinin yeni mərhələyə qədəm qoyduğu, rəqəmsallaşmanın iqtisadiyyatın və idarəetmənin bütün sahələrinə nüfuz etdiyi bir zamanda Əliyusif Məmmədovun uzun illər ərzində formalaşdırdığı peşəkar təcrübə xüsusi aktuallıq kəsb edir. Onun fəaliyyəti informasiya resurslarının sadəcə toplanması və saxlanılması ilə kifayətlənməyərək onların idarə olunması, avtomatlaşdırılması, elektron mühitdə istifadəsi və müxtəlif sahələrin informasiya təminatında tətbiqi istiqamətində inkişaf etmişdir.
Hazırda Əliyusif Məmmədov BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində pedaqoji fəaliyyətini davam etdirir. Fakültənin bugünkü inkişaf istiqamətləri – informasiya resurslarının idarə edilməsi, elektron xidmətlər, informasiya menecmenti və rəqəmsal bacarıqlar – onun uzun illər ərzində fəaliyyət göstərdiyi peşə sahələrinin müasir mərhələdəki davamıdır.
Əliyusif Məmmədovun yubileyi həm də bir ziyalının ömür yoluna nəzər salmaq, həmin yolun ayrı-ayrı mərhələlərində elmə, təhsilə və peşəkar mühitə verilmiş töhfələri qiymətləndirmək üçün yaxşı fürsətdir. İstehsalat mühəndisindən informasiya mütəxəssisinə, elmi informasiya sistemlərinin avtomatlaşdırılması üzrə praktik işçidən ali məktəb müəlliminə, patent və standartlaşdırma üzrə ekspertdən universitet təhsili üçün yeni nəsil fənlərinin müəllifinə qədər keçdiyi yol onun peşəkar axtarışlarının ardıcıllığını göstərir.
Yetmiş illik yubiley münasibətilə Əliyusif Məhəmməd oğlu Məmmədovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq və pedaqoji uğurlar arzulayırıq. İnanırıq ki, onun zəngin təcrübəsi, peşəkar biliyi və informasiya sahəsinə uzun illər ərzində verdiyi töhfələr bundan sonra da tələbələrin, gənc mütəxəssislərin və bütövlükdə informasiya cəmiyyətinin inkişafına xidmət edəcəkdir.
Adgözəl Məmmədov
Tədqiqatçı-publisist
Qərbi Kaspi Universitetinin əməkdaşı