Bu gün vətəndaşların ən böyük problemlərindən biri mənzil problemidir. Mənzil qiymətlərinin həddindən artıq baha olması bu problemin həllini daha da çətinləşdirir. Maraqlı məqam odur ki, mənzillər tam təmirsiz şəkildə və çox baha qiymətə satılır. Halbuki, bir çox ölkədə təmirsiz evlərin satışı qadağandır.
Mənzil Məcəlləsinə əsasən, tam təmirsiz tikililər tam mənzil sayılmır. Çünki mənzil yaşayış üçün tam yararlı və bütün kommunal imkanları olan sahədir. Həmin tikili təmirsizdirsə, ona mənzil demək olmaz, bu, sadəcə, tikinti sahəsidir.
Onu da qeyd edək ki, əksər xarici ölkədə təmirsiz mənzillərin satılması qadağandır. Mənzil yaşayış üçün tam uyğundursa, o zaman satışa çıxarılır. Bu hal daha çox Qazaxıstan, Türkiyə, Rusiyada müşahidə edilir. Yaşayışa hazır olmayan mənzillərin satışı qadağandır. Ancaq Azərbaycanda isə vəziyyət fərqlidir. Bina tikilib hazır olandan sonra, hətta binanın təməli qoyulan andan etibarın mənzillər satışa çıxarılır. Təmirsiz mənzillərin təmirli satılması ilə bağlı təkliflər dəfələrlə irəli sürülsə də, bu məsələ mənzil-tikinti kooperativləri (MTK) tərəfindən dəstəklənməyib. Bir sözlə, MTK-lar təmirli mənzillərin satışına qarşı çıxıb. Maraqlıdır, MTK-lar niyə təmirli mənzillərin satışına razı olmur?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Rövşən Talıbzadə bildirdi ki, mənzillərin təmirsiz satılması alıcıların istəyi ilə bağlıdır: “Ümumiyyətlə, tələbin forması MTK-ları təmirsiz mənzil satışını həyata keçirməyə sövq edir: "Məlumat üçün qeyd edim ki, ötən illərdən fərqli olaraq, təmirli mənzil satan MTK-lar çoxluq təşkil edir. Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı və ya Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun sosial kirayə müqaviləsi əsasında satdığı mənzillər tam təmirli təhvil verilir. Həmin mənzilləri MTK-ların özü təmir edir. Pilot layihələrdə də əvəzləşdirmə məqsədilə təqdim edilən evlərin hamısı tikinti şirkəti tərəfindən təmir olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, MTK sahibləri mənzilləri təmirsiz satmağa üstünlük verirlər. Çünki təmirsiz mənzillərə olan tələbat daha böyükdür. Təmirli mənzillə təmirsiz mənzillərin satış qiyməti bir deyil. Qiymət fərqi satışa təsir etdiyi üçün, MTK-lar təmirsiz mənzilin satışına üstünlük verir.
Günel CƏLİLOVA