Azərbaycan ərazilərini işğal altında saxlaması Ermənistana gedərək daha baha başa gəlməyə başlayır. Rəsmi Bakı tərəfindən həyata keçirilən regional layihələrdən təcrid olunması, təkcə Azərbaycan deyil, bəzi digər qonşularına qarşı da aqressiv siyasət yürütməsi, tələblər irəli sürməsi Ermənistanın həm də təcrid olunması prosesini dərinləşdirir. Elə bu vəziyyət də düşmən ölkədə kifayət qədər acınacaqlı bir situasiyanın yaranmasına rəvac verib.
Qeyd edilənlərin məntiqi nəticəsidir ki, bu gün Ermənistan iqtisadi cəhətdən dünyanın ən geridə qalmış ölkələrindəndir. Dünya İqtisadi Forumunun son hesabatında Ermənistanın region ölkələri içərisində iqtisadi göstəricilərinə görə 40-50 pillə geridə qaldığı bildirilir. Üstəlik, Ermənistanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna rekord həddə borcu var.
Digər tərəfdən isə Ermənistana yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır. Erməni iqtisadçıları bunun günahını hakim rejimdə görür. Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan sərmayəçilər üçün ənənəvi maneələrin hələ də mövcud olduğunu bildirib. Bu səbəbdən iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymaqdan ehtiyat edilir. Məlumata görə, son bir ildə ölkəyə cəmi 1 milyon 900 min dollar məbləğində birbaşa investisiya daxil olub ki, bu da əvvəlki illə müqayisədə 5 dəfə azdır. Ekspertlər qarşıdakı illər üçün bədbin proqnozlar verir. Bunun isə onsuz da böhran içində olan Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağı bildirilir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, işğal siyasəti Ermənistanın üzləşdiyi bütün problemlərin kökündə dayanır. İndi Ermənistanda gedərək daha açıq etiraf olunur ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmasa, vəziyyət daha acınacaqlı hal alacaq. Əvvəla, ölkə iqtisadi cəhətdən daha da geriləyəcək. Digər tərəfdən işğalın davam etməsi Qarabağda müharibə əməliyyatlarının yenidən bərpa olunmasına rəvac verə bilər. Ermənistanın isə indiki durumda Azərbaycanla müharibə aparması mümkünsüz sayılır. Hesab olunur ki, müharibə həm Ermənistana daha dağıdıcı təsir göstərəcək, həm də Azərbaycanın qələbəsi labüd olacaq. Çünki ötən ilin aprel döyüşləri Ermənistanda ordu quruculuğu sahəsində də böyük tənəzzülün yaşandığını qabarıq şəkildə üzə çıxardı. Aydın oldu ki, korrupsiya və cinayət yuvasına çevrilmiş ordu sadəcə müəyyən qrup zabitlər üçün adi gəlir mənbəyindən başqa bir şey deyil. Elə bu səbəbdən orduda yaşanan cinayətlərin sayı, əvvəlki kimi, kifayət qədər çoxdur, əsgər ölümlərinin sayı da artan xətt üzrə gedir. Bu arada Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası (HVA) Vanadzor ofisi tərəfindən keçirilən araşdırmaya əsasən, 2016-cı ildə Ermənistan ordusunda qətl halları bundan əvvəlki ilə nisbətən 4 dəfə artıb. Araşdırmalar göstərir ki, əsgərlər hərbi əməliyyatlarda iştirak etmədiyi halda dünyasını dəyişir və bunun səbəbi Ermənistan ordusunda baş alıb gedən cinayət hallarıdır. Digər tərəfdən, gənc əsgərlər qanunsuz əmrləri yerinə yetirməyə məcbur edilir, alçaldıcı işlərdən imtina edənlər isə vəhşicəsinə döyülərək qətlə yetirilir.
Helsinki Vətəndaş Assambleyası Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölənlərin sayının kəskin şəkildə artmasının kökündə bu amillərin xüsusi yer aldığını vurğulayır. Məlumata görə, orduda intihar hallarının statistikası da artır. Belə ki, 2015-ci il ərzində orduda 6 intihar halı qeydə alınmışdısa, ötən 2016-cı ildə bu rəqəm 13-ə çatıb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun açıqlamasına görə, 2016-cı ildə Ermənistan silahlı qüvvələrində 162 ölüm halı qeydə alınıb və 2015-ci ildə bu rəqəm 76 olub. Amma onu da qeyd edək ki, erməni tərəfi ötən ilin aprelində baş verən döyüşlərdə qeydə alınan itkilərin sayını azaldır. Müstəqil araşdırmalara görə, bu döyüşlərdə erməni tərəfi ən azı 300 hərbçisini itirib. Bu arada hərbi təmayüllü "razm.info" saytı 2016-cı ildə Ermənistan və Dağlıq Qarabağda yerləşən erməni silahlı qüvvələrində rəsmi rəqəmlərlə müqayisədə daha çox əsgərin həlak olduğunu bildirib. Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin məlumatına görə isə, itkilərin böyük qismi Qarabağda təmas xəttində baş verib. "Joxovurd" qəzeti də yazır ki, orduda qanun pozuntuları baş alıb gedir: "Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yoxdur. Bunun nəticəsidir ki, apreldə Dağlıq Qarabağdakı hərbi əməliyyatlar ölkəmizin və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini göstərdi". Aydındır ki, belə iqtisadiyyata və orduya malik Ermənistanın Azərbaycan qarşısında uzun müddət tab gətirməsi mümkün deyil.
Tahir TAĞIYEV