Telman Nurullayev: "Bizi Rusiya və bir sıra keçmiş SSRİ respublikaları ilə çox tellər bağlayır"
Oktyabr inqilabının 99-cu ildönümü münasibətilə Moskvada keçirilən mitinqdə Rusiya Kommunist Partiyasının (KPRF) lideri Gennadi Zyuqanov başçılıq etdiyi partiyanın SSRİ-ni bərpa etmək üçün mübarizəyə başladığını elan edib.
Rusiya KİV-i xəbər verir ki, Zyuqanov SSRİ-nin bərpasını partiyasının əsas vəzifəsi olduğunu bildirib. "Biz sovet hakimiyyətini yenidən bərpa etmək üçün hər şeyi edəcəyik. 1991-ci ildə çökdürülmüş böyük dövlətimizin yenidən yaradılması, Böyük Oktyabrın ideyalarının təbliği üçün əlimizdən gələni əsirgəməyəcəyik" - kommunistlərin lideri çıxışında vurğulayıb.
Zyuqanovun dediyinə görə, onun partiyası güclü komanda ətrafında birləşib və əsas məqsədi nəhəng ittifaq dövlətini bərpa etməkdir. "Bizim öz proqramımız, aydın və dəqiq vəzifəmiz var-nəhəng ittifaq dövlətini bərpa etmək" - o deyib.
Moskvada 7 noyabr münasibətilə yürüş-mitinq keçirilib. Moskva polisi yürüşdə 1500-ə qədər adamın iştirak etdiyini bildirir.
Rusiya kommunistlərinin SSRİ-ni bərpa etməklə bağlı etdiyi çağırışa Azərbaycandakı kommunistlərin münasibəti necədir?
Azərbaycan Kommunist Partiyasının birinci katibi Telman Nurullayev qəzetimizə açıqlamasında bildirdi ki, Zyuqanovun fikirlərində hər hansı qəbahət görmür: "Hazırda görürsünüz ki, dünyada qloballaşma gedir. Ölkələr tək-tək üzərinə düşən problemləri həll edə bilmir. Hər hansısa formada inteqrasiyaya zərurət yaranır. SSRİ adı obrazlı da deyilə bilər. Biz heç də ölkələrin müstəqilliyinə xələl gəlməsinin tərəfdarı deyilik. Qoy bu inteqrasiya modeli müstəqil ölkələr formatında olsun. Bunu da qəbul edirik. Necə olur ki, Avropanın 30-a yaxın ölkəsi ittifaq yarada bilir, biz yox? Bizi Rusiya və bir sıra keçmiş SSRİ respublikaları ilə çox tellər bağlayır. Hesab edirəm ki, ölkələrin daha sıx model ətrafında inteqrasiyasına doğrudan da ehtiyac var".
Məhəmmədəli QƏRİBLİ