Qulu İsmayılov: "Deyilən coğrafiyadan köçürülən ianələrin çoxunda erməni diasporu faktoru olduqca önəmli rola malikdir"
Radikal ideologiya əsasında həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsidir ki, Ermənistan dünyada yeganə monoetnik dövlətdir. Ermənistan ərazisində tarixi torpaqlarında azərbaycanlılar etnik təmizləməyə məruz qalıb.
Ermənistanda yaşayan digər millətlər də bu siyasətin qurbanı olub. SSRİ-nin süqutu ərəfəsində Ermənistan ərazisində 28-dən artıq rus kəndi olduğu halda, indi, demək olar ki, onların heç biri qalmayıb. Bununla yanaşı, Ermənistanda olan ağır iqtisadi durum da əhalini oranı tərk etməyə vadar edir. Rəsmi satistikaya görə, Ermənistan əhalisinin 50 faizə yaxını yoxsulluğun ən ifrat həddində yaşayır. Hazırda Ermənistan, demək olar ki, xarici ianələr hesabına yaşayır. Ermənistan KİV-ində açıqlanan bir məlumata diqqət edək. Bildirilir ki, son 9 ayda Ermənistana xaricdən 37 milyon yardım olunub. Maraqlıdır ki, həmin yardımın 40 faizə yaxını ABŞ və Qərb ölkələri vasitəsilə edilib.
Faktiki olaraq Cənubi Qafqazda Rusiyanın forpostu rolunu oynayan Ermənistana deyilən istiqamətlərdən yardımların olunması təzad yaratmırmı?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın xarici ianələr hesabına yaşadığı hamıya bəllidir: "Bu gizlin bir informasiya deyil. Bütün dünya və ən əsası da Ermənistanın özü bilir ki, ölkəni bu vəziyyətə salan oranı idarə edən hərbi-kriminal rejimdir. Onların yürütdüyü siyasət hesabına Ermənistan bütün regional infrastruktur layihələrindən kənarda qalıb. Xarici borcu ümumdaxili məhsulu bir neçə dəfə üstələyən Ermənistan ÜDM-in adambaşına düşən nisbətinə görə dünyada ən çox silahlanmış bir dövlətdir. Ermənistanın ianələr və xarici borclar hesabına silahlanma siyasətini də həyata keçirir. Bu da Azərbaycana qarşı işğal və təcavüzün saxlanmasına xidmət edir. İşğal, təcavüz və ilhaqçı siyasətinə son qoyduğu halda, Ermənistan silahlanmaya sərf etdiyi vəsaiti bərbad vəziyyətdə olan ölkənin inkişafı naminə istifadə edə bilərdi. Statistikadan görünür ki, Ermənistana edilən yardımlar siyahısında Qərb və ABŞ əhəmiyyətli yer tutur. Bu bir paradoksdur. Çünki, faktiki olaraq, Ermənistan onların siyasətinə qarşı olan bir ölkənin vassalıdır. Bu məsələdə bir incə məqama da fikir verməliyik. Həmin dövlətlərin adı ilə edilən yardımların çoxu hökumətlərin xətti ilə reallaşmır. Bilirsiniz ki, ABŞ və Avropada çox güclü təşkilatlanmış və yaxşı maliyyə imkanlarına malik olan erməni diasporu mövcuddur. Deyilən coğrafiyadan köçürülən ianələrin çoxunda erməni diasporu faktoru olduqca önəmli rola malikdir".
Məhəmmədəli QƏRİBLİ