Qabil Hüseynli: "Bunun münasibətlərin inkişafına yalnız xeyri dəyəcək"
Macarıstan NATO və Azərbaycan arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədir. Bu sözləri Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Səfir növbəti iki il ərzində - 2017-ci il yanvarın 1-dən 2018-ci il dekabrın 31-dək Macarıstan Səfirliyi NATO nümayəndəliyinin səlahiyyətlərini icra edəcək: "Bu ilədək bu səlahiyyətləri Rumıniya Səfirliyi həyata keçirirdi. Bu ilin sonunda Azərbaycan, Macarıstan və Rumıniya nümayəndələrinin iştirakı ilə öhdəliklərin təhvil verilməsi mərasimi baş tutacaq".
Macarıstan səfiri İ.Laslotski səfirliyin qarşısında duran hədəflər arasında NATO və Azərbaycan arasında dialoqun gücləndirilməsi, Şimali Atlantika Alyansının Azərbaycanda baş verən proseslər barədə məlumatlandırılması, Azərbaycanda NATO-nun siyasəti barədə ictimai rəy formalaşdırılması kimi vəzifələrin olduğunu deyib.
Səfirlik Azərbaycanda KİV-lə də sıx münasibət saxlamağı planlaşdırır.
Macarıstanın bu cür fəaliyyəti Azərbaycanla NATO arasındakı münasibətlərə necə təsir edəcək?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, hazırda bu koordinasiyanı Macarıstan Səfirliyinin üzərinə götürməsi normal prosedurdur: "NATO üzvü olan ölkələrin səfirlikləri bu koordinasiyanı növbəlik prinsipləri üzrə həyata keçirir. Keçmiş sosialist düşərgəsinə aid ölkələrin NATO-dakı təmsilçiliyi uzun zamanı əhatə etmir. Bu baxımdan da bizimlə onların təcrübə mübadiləsi asan olur. Alyansla Azərbaycan arasında normal əməkdaşlıq mövcuddur. 1994-cü ildən başlayaraq Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı qəbul edilib. 2003-cü ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib. Həmin dövrdən münasibətlər normal məcrada davam edir. Son zamanlar daha intensive xarakter alıb. Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov Almaniyada "Varşava sammiti və sonrakı dövr" mövzusunda Avropa orduları komandanlarının konfransında iştirak etdi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin ekspertlərindən ibarət qrupun Bakıya səfəri reallaşdı.
Hesab edirəm ki, bundan sonra da bizim NATO ilə əlaqələrimiz davam edəcək. Macarıstan Səfirliyinin bu istiqamətdə bizə yardımçı olması çox normaldır. Bunun münasibətlərin inkişafına yalnız xeyri dəyəcək".
Məhəmmədəli QƏRİBLİ