Amerika Birləşmiş Ştatlarında özlərini "Andından Dönməyənlər” kimi tanıdan və prezidentliyə namizəd Donald Trampı dəstəkliyən silahlı bir qrup “seçkilərdə saxtakarlıq olacaq” xəbərlərinin ardından hərbi təlimlərə başlayıb.
Baki-xeber.com xəbər verir ki, qrup ilk silahlı hücumun onlar tərəfindən edilməyəcəyini, ancaq hər ehtimala qarşı hazır olduqlarını bildirib.
“Reuters” xəbərinə görə, silahlı qrup Meksika sərhədinə divar çəkiləcəyini və müsəlmanların ölkəyə buraxılmayacağını vəd edən Trampa böyük dəstək verir.
Qrup üzvləri seçkilərdə saxtakarlıq olacaq iddiaları ilə bağlı xəbərləri nəzarətdə saxlayacaqlarını ifadə edərək, üzvlərinə səsverməni diqqətlə izləməyə çağırıb.
Qeyd edək ki, Amerikada bu il keçiriləcək seçkilərdə çox fərqli təbəqələr tərəfindən tədbirlər və nümayişlər təşkil edildi. Ancaq 2016-cı il seçki müzakirələrində ilk dəfə əzələ nümayişi, irqi, dini, etnik, miqrasiya və cinsi ayrıseçkilik kimi mövzular tez-tez müzakirəyə çıxarıldı.
Amerikanın çətin bir dövrdən keçdiyini deyən müşahidəçilərə görə, ölkədə etirazların zorakılığa çevrilməsi hər an baş verə bilər. Dəstəkçiləri və əleyhdarları son aylarda Trampın təşkil etdiyi bir çox tədbirlərdə qarşı-qarşıya gəlmişdi. Trampın özünün də bəzən qarşıdurmaları qızışdırdığı müşahidə edilmişdi. Hətta Tramp, namizədliyi üçün hər hansı bir təhlükə yaranarsa ölkədə qiyam baş verəcəyi ilə bağlı xəbərdarlıq da etmişdi.
TAHİR